Zaxarova Ermənistan TŞ katibinin Moskvaya səfər yerinə İrəvanda ABŞ nümayəndəsini qəbul etməsinə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın MDB ölkələri Təhlükəsizlik Şurası katiblərinin Moskvada keçirilən iclasına qatılmamasına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Qriqoriyanın əvvəlcə MDB tədbirinə gəlməyə hazırlaşdığını söyləyib: "Lakin sonra uça bilməyəcəyini dedi. Ona görə ki, qrafiki dəyişib. Lakin biz sonra gördük ki, o, İrəvanda ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə böyük müşavirini qəbul edib. Özünüz nəticə çıxarın. Bununla belə, Ermənistan tədbirdə Rusiyadakı səfiri səviyyəsində təmsil olunub, iclasda iştirak edib. Səviyyəni isə dövlət özü müəyyən edir", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, rəsmi İrəvan bir müddətdir ki, MDB, KTMT və Avrasiya İttifaqı tədbirlərində yüksək səviyyədə iştirakdan imtina edir.