Nazir Fransadan Ermənistana Gürcüstan vasitəsilə hərbi texnikanın tədarükünə münasibət bildirib

Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili Fransadan Ermənistana ölkəsi vasitəsilə hərbi texnikanın göndərilməsinə münasibət bildirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın İctimai telekanalının efirindəki “Azad baxış” verilişinin aparıcısı nazirə Azərbaycan və daha sonra gürcü mediasında Fransadan Ermənistana Gürcüstan vasitəsilə zirehli texnikanın çatdırılması barədə məlumat paylaşıldığını və bunun Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyinə təsir edib-etməyəcəyini soruşub.

Nazir qeyd edib ki, Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir.

Darçiaşvili, hər bir ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququnun olduğunu deyib. Nazir əlavə edib ki, ölkələrin beynəlxalq razılaşmalarla qadağan edilməyən konvensional silah və sursatları əldə etmək hüququ var.

“Gürcüstanın mövqeyi hər iki ölkəyə bərabər şərtlərlə tranzit funksiyamızdan istifadə etmək imkanı verməkdir”, - nazir vurğulayıb.

Qeyd edək ki, bazar günü Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb.

Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.

Ermənistan MN isə Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib.