Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 14-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirildi.

2023-cü ilin 4-6 noyabr tarixlərində Baş nazirin müavini Ş.Mustafayevin rəhbərliyi ilə Azərbaycan Respublikası nümayəndə heyətinin Çinin Şanxay şəhərinə səfərinin nəticələri yüksək qiymətləndirildi.

Səfər çərçivəsində keçirilmiş Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının nəticələrinə dair imzalanmış Protokolun ticarət-iqtisadi sahədə münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

Eyni zamanda ölkəmizin Şanxay şəhərində keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində iştirakının əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.