Gürcüstan XİN: “Əsas məqsədimiz Bakı və İrəvanla birlikdə regionda sülhü təmin etməkdir”

“Gürcüstanın əsas məqsədi iki qardaş ölkə - Ermənistan və Azərbaycanla birlikdə regionda sülh və sabitliyi təmin etməkdir”.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri İliya Darçiaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan bu prosesdə qərəzsiz oyunçu rolunu kifayət qədər uğurla oynayır: “Baş nazirin xüsusi səyləri və iki ölkənin liderləri ilə şəxsi münasibətləri sayəsində biz hər iki ölkə üçün qarşılıqlı faydalı razılaşma şəklində konkret nəticə əldə etdik”.
O qeyd edib ki, Ermənistan və Azərbaycan açıq şəkildə sülhün zəruriliyindən, sülh sazişinin imzalanmasından danışmağa başlayıblar və onların ritorikası tamamilə sülhə yönəlib: “İki dost və qardaş xalqımızla birlikdə əsas məqsədimiz regionda sülh və sabitliyi təmin etməkdir”.

Xarici işlər naziri bildirib ki, Gürcüstan hər iki ölkəyə tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı yaradır.