Azərbaycan ilk dəfə BMT-nin bu tədbirində iştirak edəcək

Azərbaycan ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında ölkə pavilyonu ilə iştirak edəcək.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, bu məsələ nazirliyin əlaqələndirilməsi və Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşacaq.

"İştirakımızın əsas məqsədi iqlim dəyişmələri ilə mübarizəyə verilən önəmi vurğulamaq, "yaşıl iqtisadiyyat"a keçid, iqlim dayanıqlığının təmini üzrə ölkəmizdə tətbiq edilən innovativ idarəçilik metodlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir. Ölkə pavilyonumuzda yerli və beynəlxalq qurumlar daxil olmaqla ümumilikdə 25-ə yaxın paralel görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərdə əsas diqqət iqlim fəaliyyəti, iqlim maliyyəsi, "yaşıl enerji"yə keçid, su qıtlığı, dairəvi iqtisadiyyat, ətraf mühitin sağlamlığı, iqlim fəaliyyətinə gənclərin cəlb edilməsi və digər mövzulara yönəldiləcək", - deyə o qeyd edib.