TDT-nin Baş katibi: "Zəngəzur dəhlizi region üçün yeni imkanlar yaradacaq"

Zəngəzur dəhlizinin region üçün yeni imkanlar yaradacağı güman edilir.
"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
"Bu region füsunkar gözəlliyə malikdir, eyni zamanda mühüm nəqliyyat marşrutlarından biridir. Azərbaycan qlobal logistika-nəqliyyat sahəsində əsas oyunçulardan biridir, Avropa ilə Asiyanı birləşdirir və bunlar iqtisadi artım üçün imkan yaradır. Nəqliyyat məsələləri türk dövlətləri üçün pioritet məsələlərdəndir. Bu, sənədlərdə də öz əksini tapıb. Bu tədbirdə də nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi, çətinliklərin aradan qaldırılması əsas hədəf götürülüb. Bizim əsas məqsədimiz Orta Dəhlizin inkişaf etdirilməsidir", - deyə o qeyd edib.
"Bizim strategiyamız ən qısa müddətdə Orta Dəhlizi təhlükəsiz nəqliyyat dəhlizinə çevirməkdir. Bundan başqa biz regionumuzu nəqliyyat habına çevirməyi nəzərdə tuturuq. Zəngəzur dəhlizi də sosial-iqtisadi, geosiyasi faydalar təmin edəcək”,- deyə Baş katib əlavə edib.