Ermənistanın rəsmi Bakının sərhəddə görüşlə bağlı çağırışına müsbət cavab verməsi təqdirəlayiqdir
Bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq verib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının növbəti 5-ci iclası keçiriləcək. Komissiyaların iclasını Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan da təsdiqləyib. Onun sözlərinə görə, danışıqlar Azərbaycan-Ermənistan sərhədində baş tutacaq. Lakin təfərrüat açıqlanmayıb. Yəni görüşün 30 noyabrda baş tutacağı bildirilsə də, sərhədin məhz hansı hissəsində olacağı haqda heç bir məlumat yoxdur.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, əslində, Ermənistanın rəsmi Bakının sərhəddə görüşlə bağlı çağırışına müsbət cavab verməsi təqdirəlayiqdir. Deputat vurğulayıb ki, Azərbaycan tərəfi hər zaman bu prosesə hazır olduğunu bəyan edib:
"Ermənistana dəfələrlə çağırış etmişik. Əgər İrəvan səmimi davranarsa, həqiqətən sülhdə maraqlı olduğunu göstərərsə, reallığa uyğun hərəkət edərsə, okeanın o tayına getmədən sülh danışıqlarını öz regionumuzda davam etdirə bilərik. Hesab edirəm ki, ən doğru, düzgün variant budur. Düzdür, adətən Ermənistan tərəfi nisbətən müsbət açıqlamadan sonra prosesə xələl gətirən addımlar atıb, ziddiyyətli davranış sərgiləyib. O baxımdan ilkin razılıqlar müəyyən qədər şübhəli görünür. Amma bütün hallarda təmasların olması, görüşlərlə bağlı razılığın əldə olunması müsbət haldır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının bir iclasından nəticə gözləmək doğru olmaz.
Ekspert bildirib ki, ancaq bu, fərqli maraqları olan müxtəlif vasitəçi dövlətlərdə keçirilən müzakirələrdən daha faydalıdır:
"İl bitmək üzrədir. Vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdən nəticə çıxmadı. Danışıqların Vaşinqton, Brüssel və Moskva formatı Minsk qrupu həmsədrlərini xatırlatmağa başlayıb. Bu gedişat nəticə verməyəcək. Birbaşa danışıqlara və müzakirələrə hədəflənmək lazımdır. İki ölkənin birgə işçi qrupunun formalaşmasına ehtiyac var".