Dokertinin Cənubi Qafqazda məqsədləri -RƏY

Onun Azərbaycana səfərindən sonra ABŞ ilə gərginliyin müəyyən qədər səngiyəcəyini demək olar

Səfər fonunda rəsmi Bakı ilə noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinməsi də diqqətçəkən nüansdır

  "Böyük Britaniya Cənubi Qafqazda davamlı sülhü dəstəkləyir". Bunu Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə regional təhlükəsizlik məsələlərini müzakirə etmək imkanı olub: "Cənubi Qafqazda davamlı sülhü dəstəkləyirik, hamı bundan faydalana bilər". Qonaq uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirib. Leo Dokerti vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmaz". Nazir onu da qeyd edib ki, Böyük Britaniya yüz minlərlə azərbaycanlının Ağdamdan Zəngilana kimi evlərinə qayıtmasına töhfə verir: “30 ilə yaxın davam edən regional münaqişə nəticəsində Azərbaycan bu gün dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. 2020-ci ildə Böyük Britaniya Azərbaycana minalarla mübarizədə mühüm və xilasedici dəstək verən ilk ölkələrdən biri olub. O vaxtdan bəri biz bu dəstəyi 1 milyon funt-sterlinqdən çox artırmışıq. Azərbaycanı dünya üzrə aparıcı minatəmizləmə avadanlıqları ilə təmin etmişik və yerli hakimiyyət orqanlarına təlimlər keçirmişik. Bu il biz partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə ixtisaslaşdırılmış kurslar üçün təklifimizi genişləndirməklə Azərbaycan hərbçilərinə verilən təlimləri daha da artırırıq. Bu, yüksək təhlükə mühitində işləmək üçün lazım olan bacarıqları təmin edəcəkdir. Böyük Britaniya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təşviqinə və yüz minlərlə azərbaycanlının Ağdamdan Zəngilana kimi evlərinə qayıtmasına töhfə verir”.
  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Leo Dokertinin indiki məqamda Azərbaycana səfər etməsi diqqət çəkir. Analitikin sözlərinə görə, məsələ ondadır ki, Azərbaycanla Qərb arasında münasibətlər gərginləşib:

"Xüsusilə ABŞ və Fransanın Ermənistana verdiyi dəstək rəsmi Londonu ciddi şəkildə narahat edir.
  Böyük Britaniyanın Cənubi Qafqazda iqtisadi-siyasi maraqları var. ABŞ və Fransanın Ermənistana verdiyi dəstək indiki məqamda bu maraqlarla üst-üstə düşmür. Ümumiyyətlə, Fransa və ABŞ son 200 ildir ki, Cənubi Qafqazda nüfuz mübarizəsi aparırlar. Yəni London Parisin regiona sirayət etməsi, dayaqlarını möhkəmləndirməsi ilə barışa bilməz. ABŞ-yə gəldikdə isə London və Vaşinqton qlobal sferada müttəfiqdirlər. Amma hazırkı situasiyada, görünür, bir-birinin maraqları nəzərə alınmayıb. Bu mənada L.Dokerti Cənubi Qafqaza iki məqsədlə gəlib. Azərbaycanın Fransa, ABŞ və Qərblə gərginləşən münasibətlərini normallaşdırmaq və Londonun bölgədəki enerji və təhlükəsizlik maraqlarını qorumaq".
  Ekspert diqqətə çatdırıb ki, Dokertinin Azərbaycana səfərindən sonra ABŞ ilə gərginliyin müəyyən qədər səngiyəcəyini demək olar: "Xüsusilə Londonun bölgədəki enerji və təhlükəsizlik maraqlarını nəzərə alsaq, L.Dokerti Azərbaycanla Ermənistan arasında sülh prosesi istiqamətində maneələri aradan qaldırmaq üçün səyləri artıracaq. Onun səfəri fonunda rəsmi Bakı ilə noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinməsi də diqqətçəkən nüansdır. Mümkündür ki, bu səfər və noyabrın 30-da baş tutacaq görüşdən sonra növbəti danışıqlar Azərbaycan Prezidentinin təklif etdiyi kimi, Tbilisidə baş tutsun".