Vizasız gediş-gəliş olmalıdır
Şəxsiyyət vəsiqəsi ilə rahat gediş-gəliş təmin edilə bilər
Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşir. Bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, bir tərəfin ərazisinə müvəqqəti olaraq gələn digər dövlətin vətəndaşları səlahiyyətli dövlət qurumlarında qeydiyyatdan keçmək (uçota salınma) öhdəliyindən azad olunurlar, bir şərtlə ki, onların qalma müddəti sazişdə göstərilən 15 təqvim günündən artıq olmasın. Bir tərəfin dövlətinin vətəndaşı digər tərəfin ərazisində 15 təqvim günündən artıq qaldıqda, həmin vətəndaş səlahiyyətli qurumlarda qeydiyyatdan keçməlidir.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, ümumiyyətlə, qardaş Özbəkistanla Azərbaycan arasında münasibətlərin daha üst səviyyəyə yüksəldilməsinə zərurət var. Ekspertin sözlərinə görə, bu iki dövlət və xalqlar min illərdir bir-birinə qardaş və qohumdur:
"Yəni biz fərqli millətlər deyilik, eyni millətin fərdləriyik. Ona görə də Azərbaycanla Özbəkistan arasında viza məsələlərinin daha da asanlaşdırılması vacibdir. Yəni 15 gün çox deyil. Yavaş-yavaş belə məsələləri daha asan müstəviyə daşımaq lazımdır. Azərbaycan özbəklər, Özbəkistan da azərbaycanlılar üçün daha açıq olsun. Burada gömrük məsələlərini, sadəcə şəxsiyyət vəsiqəsi ilə səfərlərin təşkilini də həll etməliyik. Onsuz da dünya buna gedir. Üstəlik, elektron hökumət hər iki ölkədə mövcuddur. İki ölkənin vətəndaşlarının şəxsiyyət vəsiqələri sistemlərə inteqrasiya olunub. Vacib deyil ki, vətəndaşın mütləq cibində xarici pasport olsun və gediş-gəlişdə pasportuna möhür vurulsun. Məncə, şəxsiyyət vəsiqəsi ilə rahat gediş-gəliş təmin edilə bilər. Özbəkistanla Azərbaycan qardaş ölkələr olduğuna görə bu tipli məsələlər daha asan bir şəkildə həllini tapmalıdır".