YAP və Özbəkistan hakim partiyası arasında memorandum imzalanacaq

“Partiyalar arasında əlaqələrin gücləndirilməsi qarşımızda duran ən vacib məsələlərdən biridir”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Tahir Budaqov qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Yeni Azərbaycan Partiyası qarşıya yeni hədəflər qoyub və bunlardan biri də partiyanın xarici əlaqələrinin genişləndirilməsidir: 
“Yeni Azərbaycan Partiyası Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə birgə memorandum imzalayıb. Biz Türk Dünyası Təşkilatlarına üzv dövlətlərinin hakim partiyalarının əlaqələrinin daha da genişləndirilməsinə çalışırıq. Özbəkistanın hakim partiyası ilə yeni memorandum imzalanması ərəfəsindəyik. Həmçinin Qazaxıstanın hakim partiyası ilə də əlaqələrimiz genişlənir. Eyni zamanda Avropada yaşayan türklərlə əlaqələrimizi genişləndirməyə çalışacağıq”, - o deyib.