Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, artıq bir müddətdir ki, Milli Məclisin müxtəlif komitələrində büdcə müzakirələri çox fəal şəkildə aparılır: 'Cəmiyyəti narahat edən məsələləri deputatlar müzakirələrdə qaldırıb və bunlar aidiyyəti qurumlar tərəfindən cavablandırılıb. Ötən ilin büdcə müzakirələri zamanı millət vəkilləri tərəfindən qaldırılan bir çox məsələlər bu il öz həllini tapıb. Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişaf və tərəqqiyə nail olub. Cari ildə biz cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyini qeyd edirik. Ötən 20 il ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail oldu, Azərbaycanın siyasi iqtisadi imkanları genişləndi, müasir ordumuz yaradılıb. Təbii ki, əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqların azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da keçirilən 1 günlük antiterror tədbirləri ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib”.