Ermənistan TŞ sədri: "Azərbaycanla münasibətlərin normallaşmasına sadiqik”

“Ermənistan Azərbaycanla münasibətlərinin normallaşmasına və sülh prosesinin davam etdirilməsinə sadiqdir”.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşündə deyib.
“Biz regional təhlükəsizlik sahəsində vəziyyəti müzakirə etdik, mən Ermənistanın İrəvan-Bakı münasibətlərinin normallaşmasına və sülh prosesinin davam etdirilməsinə sadiqliyini təsdiqlədim”, - A.Qriqoryan bildirib.
Bundan əlavə, təhlükəsizlik və iqtisadiyyat sahəsində qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub.