Cənab Borrel yalan danışır-Şərh

Bəlkə qarşıdakı dönəmdə onun hansısa çirkin oyunda əlinin olması faktı üzə çıxacaq


  Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin uydurma açıqlamasına da münasibət bildirib. “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edən Borrelin sözlərinə diqqət çəkən dövlət başçısı vurğulayıb ki, hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır: "Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır. Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verdi. Çox təəccüblüdür ki, onun öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”. Məlumat üçün bildirək ki, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrel, guya, “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib. Ermənilərin özlərinin belə 150 min rəqəmini dilə gətirmədiyi halda Borrelin bu rəqəmi haradan götürməsi suallar doğurur. Borrel Ermənistanın yüz minlərlə Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya etməsindən xəbərdardırmı? Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə J.Borrel heç vaxt bu barədə danışmayacaq. Nəinki Borrel, ümumən Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməyiblər. 
  
Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a deyib ki, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin bu ifadələri zaman-zaman ədalətli mövqe tutmağa çalışan bir şəxsin ədalətsiz yanaşma sərgiləməsidir. Deputat diqqətə çatdırıb ki, cənab Borrel bir tərəfdən dünyada insan hüquq və azadlıqlarının qorunmasına çağırış edir, digər tərəfdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında çox uğursuz bir nümunə ortaya qoyur: 

"Halbuki Borrelin Qarabağdan çıxan ermənilərlə və bölgədə baş verən proseslərlə bağlı kifayət qədər dəqiq, obyektiv və ətraflı məlumat almaq imkanları mövcuddur. Vaxtı ilə Qarabağda yaşamış 60-70 min erməninin qısa müddətdə 150 minə çatması qeyri-mümkündür. Ermənistan özü 120 min erməni deyirdi, cənab Borrel isə 150 min ermənidən danışır. Qısa zamanda 30 min erməninin haradan əlavə olunması şəxsən mənim üçün çox maraqlıdır. Digər yandan, nədən öz yurd-yuvasından qovulmuş, uzun illər məcburi köçkün, qaçqın həyatı yaşamış 1 milyondan artıq insanın taleyi Borreli maraqlandırmayıb? O, Azərbaycan ərazilərinin 30 il ərzində işğalda qalması ilə də maraqlanmayıb. Müəyyən qrup erməninin Qarabağdan Ermənistana könüllü surətdə köç etməsi Borreli narahat edib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var və buna hörmətlə yanaşılmalıdır. Erməniləri belə canfəşanlıqla müdafiə etməkdə Borrelin məqsədi, qayəsi nədir? Bəlkə qarşıdakı dönəmdə Borrelin də hansısa çirkin oyunda əlinin olması faktı üzə çıxacaq. Onsuz da vaxtaşırı erməniləri müdafiə edən amerikalı senatorların, Avropa Parlamentinin deputatlarının maliyyə maxinasiyalarında, rüşvət hadisələrində adları hallanır".
 
 Parlament üzvü hesab edir ki, Borrel öz vəzifəsinə və səlahiyyətinə yaraşmayacaq şəkildə çox məsuliyyətsiz və ikili standartlara uyğun yanaşma ortaya qoyur: 
"Azərbaycan belə münasibəti heç vaxt qəbul edə bilməz. Borrel Azərbaycanın suveren hüquqlarına, müstəqil dövlətçiliyimizə hörmətlə yanaşmalıdır. Çünki o, Azərbaycanda separatçı rejim qurmaq istəyənlərin yox, Avropanın xarici siyasətinin təmsilçisidir. Öz səlahiyyətləri çərçivəsində hərəkət etməsi daha məqsədəuyğun olar".