Azərbaycan Ermənistandan sazişi bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyir
"Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır". Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda ifadə edib. Dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında imzalanacaq sülh sazişi beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalıdır: "Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq". Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, sonra beş məlum prinsip açıqlandı: "İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”. Ölkə başçısı onu da əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyirik: "Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik. Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur. Bəzən əsassız olaraq bizi bunda ittiham edirlər. Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam”.
Dövlət başçısının diqqət çəkdiyi məqamı "Sherg.az"a dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib ki, Azərbaycan tərəfi öz torpaqlarını işğaldan azad etdikdən sonra sülh müqaviləsinin imzalanması üçün Ermənistana 5 baza prinsipini təqdim etdi. Deputat bildirib ki, Ermənistan özü də təsdiqləmişdi ki, rəsmi Bakının irəli sürdüyü 5 baza prinsipinin qəbul edilməsi mümkündür:
"Başqa yolu da yoxdur. Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlərlə bağlı fərqli mövqe sərgiləyə bilməz. Belə olan halda İrəvan öz-özünü ifşa etmiş olacaqdı. Azərbaycanın irəli sürdüyü şərtlər ondan ibarət idi ki, qarşılıqlı şəkildə tərəflər bir-birinin ərazi bütövlüyünü tanısın. Ermənistan Azərbaycana ərazi iddialarından əl çəksin. Həmçinin ərazilərimizdən erməni hərbi birləşmələri çıxarılsın, sərhədlərin delimitasiya və demarkasiya prosesi getsin. Bunlar sülhün bağlanmasını təmin edən əsas şərtlərdir. Ermənistan da bu şərtlərlə razılaşmaq məcburiyyətindədir. İrəvan hökuməti davamlı olaraq Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bildirir. Hətta ilin sonunadək müqavilənin imzalanmasının mümkünlüyündən danışırlar. Bu da onu göstərir ki, Ermənistan imitasiya ilə məşğuldur. Çünki məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən ilin sonuna kimi sülh sazişinin imzalanması mümkün deyil. Ancaq Ermənistan rəhbərliyi özünü elə aparır ki, guya, həqiqətən cari il sona çatanadək sülh sazişini imzalamağa hazırdırlar. Yəni il bitənədək sülh olmazsa, maraqlı dairələr, beynəlxalq güclər elə düşünəcəklər ki, sülhdən ən çox danışan İrəvandır. Məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyirlər. Ermənistana kənardan yol göstərən qüvvələr də İrəvana təlimat göndərirlər ki, davamlı olaraq sülhdən danışın, ancaq əməli addım atmayıb".
Parlamentari əlavə edib ki, Prezident İlham Əliyev məhz bu məqama diqqət yönəldərək bəyan edir ki, hər məsələ sənəd üzərində olmalıdır:
"Ermənistan sülh ritorikasına üstünlük versə də, real addımlar atmaqdan yayınır. 2020-ci ilədək də Ermənistan eyni tərzdə hərəkət edirdi. Nəticədə isə torpaqlarımızı işğalda saxlamağı sürdürür, hətta yeni ərazilərin işğalı barədə düşünürdü. Yəni Ermənistanın sözdə, dildə sərgilədiyi mövqe ilə praktiki fəaliyyəti arasında ciddi paradoks hər zaman mövcud olub, indi də var. Paşinyan bir tərəfdən süldən danışır, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, digər yandan ölkəmizi "etnik təmizləmə"də ittiham edir. Dünya ictimaiyyətini aldatmağa çalışır. Mahiyyət etibarı ilə Paşinyanın davranışları sələflərinin mövqeyindən heç nə ilə fərqlənmir. Sadəcə olaraq mövcud reallıqlar dəyişib. Ermənistan əvvəlki dönəmdə olduğu kimi Azərbaycana qarşı genişmiqyaslı təxribatlara əl ata bilmir. Azərbaycan isə hər dövrdə sülh çağırışları edib, Qarabağdakı ermənilərin reinteqrasiya prosesini həyata keçirmək istəyib. Əfsuslar olsun ki, erməni tərəfi dövlətimizin çağırışlarına adekvat cavab və reaksiya vermədi. İndi Ermənistan sülh çağırışlarına müsbət cavab verməzsə, şübhəsiz, bunun ziyanını özləri çəkəcək".