Elxan Şahinoğlu: Londonun Cənubi Qafqaz siyasəti daha balanslıdır

Hiss olunur ki, Böyük Britaniya Cənubi Qafqaz uğrunda mübarizədə Rusiya, ABŞ və Avropa İttifaqından geri qalmaq istəmir


  Dekabrın 6-da Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord ilə görüşüb. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında qurulan möhkəm dostluq münasibətlərindən və çoxşaxəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Neft-qaz, ticarət, yaşıl enerjiyə keçid, nəqliyyat, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Samir Nuriyev Ermənistanın hərbi işğalı dövründə Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı və prinsipial dəstəyi yüksək qiymətləndirib. Həmçinin Birləşmiş Krallığın beynəlxalq təşkilatlar çərçivəsində tutduğu balanslı mövqe müsbət dəyərləndirilib. İkitərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığı vurğulanaraq, belə səfərlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub. Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə Britaniya şirkətlərinin bərpa-quruculuq və yenidənqurma layihələrində iştirakından məmnunluq ifadə olunub. Bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Xüsusilə Birləşmiş Krallığın Azərbaycanda humanitar minatəmizləmə layihələrinə verdiyi töhfələr təqdir olunub. 
  
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, bundan təxminən iki həftə əvvəl Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti də Azərbaycanda səfərdə idi. O da əməkdaşlıqla bağlı mövzuları müzakirə etmişdi:
 "Leo Dokerti Azərbaycanla yanaşı Ermənistan və Gürcüstana da səfər etmişdi. Hiss olunur ki, Böyük Britaniya Cənubi Qafqaz uğrunda mübarizədə Rusiya, ABŞ və Avropa İttifaqından geri qalmaq istəmir. London Paris və Vaşinqtondan fərqli olaraq Cənubi Qafqaz siyasətində balansı pozmur, bölgənin hər 3 ölkəsiylə yaxşı münasibətləri var. Bu arada, ABŞ-də görüşlərini başa vuran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londona gedib. Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyaya yollanmışdı. Erməni nazir Böyük Britaniyada iki ölkə arasında strateji dialoqun istiqamətlərini müzakirə etmişdi. Bütün hallarda Londonun Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır".