Buna görə ABŞ Azərbaycanla qarşıdurma yox, uzlaşmaq marağındadır
Prezident İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynı qəbul edib. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Dövlət başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini diqqətə çatdırıb. Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb. ABŞ-də yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər. Ölkə rəhbəri enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu qeyd edib. Ceyms Obrayn da öz növbəsində ABŞ-Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğulayıb. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-nin roluna toxunub. Həmçinin ölkəsinin regionda sülh gündəliyini dəstəklədiyini deyərək, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-nin hazır olduğunu diqqətə çatdırıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Əsas məqam odur ki, dövlət başçısı Prezident İlham Əliyevlə görüşdə Ceyms Obrayn artıq Konqresdəki aqressiv diplomatik yanaşmasını nümayiş etdirmədi, mülayim dillə danışmalı oldu. O, görüşdə ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirdi. Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi. Göründüyü kimi, ABŞ Azərbaycanın ortaya qoyduğu prinsipial mövqeyi qəbul edib və rəsmi Bakı ilə münasibətləri sərt ritorika ilə davam etdirə bilməyəcəyini anlayıb. Qlobal anlamda baş verənlər ABŞ-ni Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi reallığı ilə barışdırır, iki ölkə arasında diplomatik münasibətləri əvvəlki səviyyəyə qaytarır. Bu, rəsmi Bakının növbəti diplomatik qələbəsi, regionda sülhün bərqərar olması üçün atdığı növbəti qətiyyətli addımdır.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Obraynın dövlət başçısı İ.Əliyevlə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqtonda aparılması və Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi haqda dedikləri ABŞ-nin Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək və kommunikasiyanın İrəvanın istəkləri çərçivəsində açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır:
"Gözlənildiyi kimi, Obrayn Bakıya bu təkliflə gəlib. Dövlət başçısı Obraynla görüşdə Bakının yanaşmasını ortaya qoydu. Vaşinqtonun yeni reallıqları nəzərə alaraq, sülh danışıqları prosesinə töhfə verə bilər. Yəni ABŞ Azərbaycanın suverenliyini bərpa etdiyi Qarabağdan danışmağı dayandırmalıdır. Bakı Orta dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır. Azərbaycan ABŞ-nin planına yox demir. Lakin hansı tərəf önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər prinsipindən yanaşır. Hədəfinə nail olmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var və buna görə Amerika Birləşmiş Ştatları Azərbaycanla qarşıdurma yox, uzlaşmaq marağındadır. Azərbaycan da bu üstünlüyündən diplomatik müstəvidə istifadə edir. Lakin o da bəllidir ki, dəhlizlər uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə tranformasiya edilir və perspektivdə qarşıdurmalar vəd edir".