Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Xatırladaq ki, ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə hakim Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci il aprelin 11-də prezident seçkisi keçirilib və seçkidə 8 namizəd mübarizə aparıb.
Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli "Sherg.az"a açıqlamasında növbədənkənar prezident seçkisi ilə bağlı qərarın zamanında verildiyini deyib. Ekspertin sözlərinə görə, 2024-cü ilin sonunda Azərbaycanda bələdiyyə seçkisi, 2025-ci ildə isə parlament və prezident seçkisi keçiriləcək:
"Yəni üç seçki prosesi çox yaxın aralıqlarla keçirilməli idi. O baxımdan prezident seçkisinin önə çəkilməsi normal və konstitusiyaya uyğundur. Həm də vurğulamaq lazımdır ki, dövlətimizin və xalqımızın qarşısında duran ən mühüm problem həllini tapıb. 2020-ci il Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük əksəriyyəti işğaldan azad edildi, düşməndən təmizləndi. Ən əsası 2023-cü ilin sentyabr ayında birgünlük antiterror tədbirləri ilə Qarabağda separatçılığa son qoyuldu və ərazi bütövlüyümüzün bərpası prosesi tamamlandı. Artıq tamamilə yeni mərhələyə qədəm qoymuşuq. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı. O baxımdan növbədənkənar prezident seçkisi, idarəetmə strukturlarının yenilənməsi olduqca vacibdir. Bir məqam da önəmlidir ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olan bu seçkilərdə həm də ilk dəfə vətəndaşlıq almış ermənilər də iştirak edə biləcəklər".
Politoloq Elxan Şahinoğlu da "Sherg.az"a deyib ki, 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda Sərəncam iki amillə əlaqəlidir:
"Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa İttifaqında da 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azərbaycanda prezident seçkisinin keçirilməsi üçün planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur".
Politoloq Elxan Şükürlü də deyib ki, Prezident İlham Əliyev növbəti mühüm gedişini etdi və 2024-cü ilin 7 fevralında növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün sərəncam imzaladı:
"2024-cü il bütün dünya üçün ən mühüm dəyişikliklərin gözlənildiyi ildir. 2024-cü il ərzində Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz uğrunda amansız savaş aparan iki ölkədə - martda Rusiyada, noyabrda isə ABŞ-də prezident seçkiləri keçirilməlidir. Növbədənkənar seçkilər imkan verəcək ki, Azərbaycan daha əmin və arxayın şəkildə qarşısına qoyduğu hədəflər üzərində irəliləsin! Savaşı qazananlar, inşallah, sülhü və rifahı da qazanacaqlar! Ölkəmiz, millətimiz, bütün Azərbaycan üçün xeyirli, uğurlu olsun".