Gürcüstan parlament sədrinin Azərbaycana səfər planı açıqlanıb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər gündəliyində vacib məsələlər yer alır və bütün bunlar müzakirə ediləcək.
APA-nın Tbilisi müxbiri Gürcüstanın ictimai telekanalına istinadən xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib. O, bildirib ki, Şalva Papuaşvilinin Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Baş nazir Əli Əsədovla görüşləri planlaşdırılıb. Səfir qeyd edib ki, səfər çərçivəsində parlamenlətrarası dostluq qruplarının görüşü də planlaşdırılıb.
Zurab Pataradze keçiriləcək görüşlərin iki ölkə arasındakı əlaqələrin daha da inkişafına təkan verəcəyini qeyd edib. O, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın və dinamik əlaqələrin olduğunu xatırladıb.

“Gündəlikdə vacib məsələlər var və bütün bunlar müzakirə olunacaq və bu səfər bizim səmimi, strateji münasibətlərimizə xüsusi töhfə verəcək”, - səfir deyib.