Abutalıb Səmədov: “Mən seçki marafonuna bu məqsədlə qatılmaq qərarına gəldim. Deyəcək sözüm, veriləcək təkliflərim var”
7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürənlərin sayı artmaqdadır. Namizədlik üçün müraciət edənlərin sayı 16-ya çatıb. Onlardan yalnız 8-nin namizədliyi təsdiqlənib, digər 8 namizədin müraciətinə baxılır.
Sherg.az xəbər verir ki, namizədliyini irəli sürənlərdən biri də "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədovdur. Mərkəz rəhbəri növbədənkənar seçkiyə hansı səbəblərdən namizəd kimi qatılacağına aydınlıq gətirib və seçki prosesini dəyərləndirib. Qeyd edib ki, fevralın 7-nə planlaşdırılan növbədənkənar prezident seçkiləri tariximizin çox böyük bir dövrünün qapandığı dövrə təsadüf etməkdədir: "İki yüz ilə yaxın davam edən ağır bir problemi Azərbaycan hakimiyyəti heç birimizin ağlına gəlməyəcək səviyyədə həll etməyə nail oldu. İslahatların dərinləşməsinə mane olan əsas problemlərdən sayılan erməni separatizmi də artıq yoxdur. Azərbaycan tarixinin yeni dövrü başlayır. Bu tarixi dövrdə prezident seçkilərində iştirak etmək, öz düşüncələrini xalqa çatdırmaq, təklif və proqramları ortaya qoymaq özünü siyasətçi sayan hər kəsin borcudur. Çox təəssüf ki, müxalifət məğlubiyyətini əvvəlcədən bilib seçkilərə getmədi və bu mühüm kampaniyanın əhəmiyyətini azaltmaq üçün əlindən gələni elədi".
A.Səmədov hesab edir ki, budəfəki prezident seçkiləri yüksək səviyyədə keçirilməlidir, çünki tarixi əhəmiyyət kəsb edir:
"Əvvəlki dövrlərdən fərqli olaraq daha səviyyəli seçki kampaniyası keçirilməli, səviyyəli çıxışlar olmalı, maraqlı proqramlar, önəmli təkliflər ortaya qoyulmalıdır. Mən də seçki marafonuna bu məqsədlə qatılmaq qərarına gəldim. Deyəcək sözüm, veriləcək təkliflərim var. Təbii ki, seçkidə kimin qalib gələcəyi heç kimdə şübhə doğurmur. Ancaq təkliflər vermək, proqramlar ortaya qoymaq imkanımız var. Həmçinin xalqın seçkilərə marağının daha da artırılması üçün digər addımlar atmaq olar. Bu səbəbdən kampaniyaya qoşulmuşam. İmza vərəqələrimizi bu gün götürəcəyik və ayın 28-dən imza yığımına başlanacaq. Ümid edirəm, bu mərhələdən uğurla keçəcəyik".
Həmsöhbətimiz təbliğat-təşviqat kampaniyası barədə də danışıb:
"İmkanlar çox genişdir. Televiziyalar, internet kanallar kifayət qədərdir. Onların imkanlarından istifadə edib yüksək səviyyədə təbliğat qurmaq mümkündür. Seçkilərdə iştirakım bu kampaniyanın daha da maraqlı keçməsinə az da olsa təsir göstərəcək".