Seçkilərdən sonra hökumət istefa verəcək: YENİ KOMANDA...

“Əsas odur ki, ölkəni inkişafa, rifaha aparan islahatların davam edəcəyi  bildirildi və biz bu islahatlara uyğun komanda formalaşmasının şahidi olacağıq”


  Analitiklər iddia edir ki, prezident seçkilərindən sonra ölkədə əsaslı dəyişikliklər olacaq. Hətta baş nazir də daxil, Nazirlər Kabinetində, dövlət qurumlarında rəhbər vəzifə tutanların bir çoxu kürsüləri ilə vidalaşacaq. Son illərdə bir neçə qurumun fəaliyyətinin dayandırılması və aidiyyəti digər qurumların birləşdirilməsi, publik hüquqi şəxs statusunda yeni qurumların yaradılması prosesi başladı və davam edir. Bu cür struktur dəyişikliklərinin prezident seçkilərindən sonra daha da sürətlənəcəyi mülahizələri isə indi daha tez-tez səslənir. Mediaya danışan Milli Məclisin deputatı Vahid Əhmədov da bəzi proqnozlar verib: "Əlbəttə, prezident seçiləndən sonra yeni seçilmiş prezident hökuməti konstitusiya ilə buraxılmalıdır, Baş nazir təyin etməlidir. Ondan sonra da hökumətin üzvlərini təyin edir. Ona görə də ola bilər dəyişikliklər olsun. Bu, istisna olunmur. O cümlədən hansısa nazirliyi birləşdirməyi və sair. O da yenə cənab Prezidentin səlahiyyətidir. Ümumiyyətlə seçkilərdən sonra bizim gözləntilərimiz çoxdur. Dünən də cənab Prezident televiziya jurnalistləri ilə çıxışında bunları qeyd etdi ki, sentyabrdan bu günə yeni bir dövr başlayıb. Ona görə də bu dövrdə Azərbaycan üçün müsbət çox hadisələr ola bilər. O cümlədən ola bilər ki, struktur dəyişiklikləri olsun, kimlərsə vəzifəsini itirsin, kimlərsə qalsın və sair. Yenə deyirəm, bunlar hamısı dövlət başçısının səlahiyyətində olan məsələlərdir. Amma gözləntilər var", - deyə deputat qeyd etdi.

  Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev isə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur: 
- Prezident icra səlahiyyətlərini həyata keçirməsi məqsədilə Nazirlər Kabinetini təşkil edir. Eyni zamanda Konstitusiyaya görə NK prezidentin yuxarı icra orqanıdır. Yeni seçilmiş prezident səlahiyyətlərinin icrasına başladığı gündən Nazirlər Kabineti öz istefasını təqdim edir. Prezident səlahiyyətlərinin icrasına başladıqda NK artıq istefa verəcək. Və Prezident yeni şəxsləri NK-nin üzvü təyin etmək hüququna malikdir. Baş naziri Milli Məclisə təqdim edir, ayrı-ayrı şəxsləri NK üzvü təyin edir. Yəni Prezident seçkilərindən sonra NK istefa verəcək və Pezident tərəfindən yenidən formalaşdırılacaq. 


 
Ə.Nuriyev qeyd etdi ki, ölkəmizdə idarəetmənin təkmilləşməsi hər zaman əsas prinsiplərdən biri olub. Bu zaman hansısa qurumların birləşdirilməsi, ayrılması, yaxud yeni qurumların, nazirlik  və agentliklərin yaradıldığına da şahidlik etmişik: 
- Bunlar Prezidentin müstəsna səlahiyyətinə aid məsələdir. Bütövlükdə icra hakimiyyəti Prezidentə məxsus olduğu üçün, o, icra strukturlarını büdcə çərçivəsində yaratmaqda sərbəstdir. Bu baxımdan yeni nazirliklərin yaradılması da, ləğv edilməsini də öz səlahiyyətləri daxilində həyata keçirə bilər. Cənab Prezident yerli televiziyalara müsahibəsində qeyd etdi ki, yeni dövr başlayır, yeni ideyalar lazımdır. Yeni dövr, yeni tələblər, yeni çağırışlara uyğun olaraq da hökumət strukturunda dəyişikliklərin baş verməsi istisna edilmir. Nazirlər Kabinetinə yeni şəxslərin gəlməsi də istisna deyil. Ən doğru qərarı Prezident verir. Cənab Prezidentin gözləmədiymiz halda Azərbaycan üçün mühüm, vacib əhəmiyyət kəsb edən dəyişikliklər etdiyinin indiyədək də şahidi olmuşuq. Onun qəbul etdiyi qərarlar həmişə uğurlu olub. Azərbaycan  xalqının mənafeyinə uyğun olub. Əminəm ki, bu uğurlu dəyişikliklər davam edəcək. Çünki diqqət yetirsək görərik ki, Prezidentin müsahibəsi proqram xarakteri daşıyırdı. Həm yekun xarakterli idi, həm də yeni başlanğıclar üçün mesajlar verildi. Prezidentin müsahibəsindən də göründüyü kimi, yeni istiqamətlər müəyyən edilib. Həm xarici siyasətdə, həm daxili siyasətdə. Şübhəsiz, dəyişikliklər mütləq olacaq. Bütün halda bu, Prezidentin səlahiyyətlərinə aid məsələdir. Ona görə də tələsməyək. 7 fevraldan sonra dəyişiklikləri görəcəyik. Əsas odur ki, ölkəni inkişafa, rifaha aparan islahatların davam edəcəyi  bildirildi və biz bu islahatlara uyğun komanda formalaşmasının şahidi olacağıq.