“Bundan sonra Zəfər hər kəsin həyatında, ailəsində olmalıdır” -Debatlar BAŞLADI

Hər namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı verilib


  Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. 
Qanunvericiliyin tələbinə əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Məlum olduğu kimi, prezidentliyə namizədlərin ödənişsiz olaraq təşviqat aparması üçün İctimai TV-də efir vaxtı ayrılıb. Namizədlərin ilk debatı yanvarın 15-də saat 9-da baş tutub. Moderator tanınmış aparıcı, İctimai TV-nin baş direktorunun müavini Murad Hüseynov olub. İlk debatın mövzusu "Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası" idi. Hər namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı verilib. 
Çıxış üçün ilk söz prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruca verilib. Z.Oruc bildirib ki, son 3 ildə qazanılan parlaq qələbələr əcdadlarımızın çoxəsrlik arzularını reallaşdırdı və biz yeni milli kimliyimizi qazandıq. Soyqırımlardan, qaçqınlıqdan, kimsəsizlikdən şikayət edən bir toplumdan dini, sosial, siyasi fərqləri kənara qoyaraq birləşməyi bacaran xalqa çevrildik: 
"XXI əsrin qalib xalqına çevrilmişik. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu ölkədə ilk seçkiyə gedirik: "Azərbaycanın tarixində ermənilərsiz və işğalsız ilk dəfədir ki, dövlətimizin, millətimizin gələcək taleyini həll edirik. 30 il sizin qarşınıza çıxan namizədlər öz vədlərində Qarabağ və məcburi köçkün məsələsinə əsas yer verirdi. Artıq bu problemlər həllini tapıb. Bu seçkiyədək Qarabağda öz rəhbərimizi seçə bilməmişdik. İndi seçəcəyimiz prezident həm Qarabağın, həm də bütöv Azərbaycanın rəhbəri və Ali Baş Komandanı olacaq". Z.Oruc maraqlı məlumatı da izləyicilərlə paylaşıb. Deyib ki, 2024-cü ildə dünyanın 78 ölkəsində 83 seçki keçiriləcək. 2048-ci ilədək belə statistika olmayacaq: "Biz bu dövrün adını qoymağı vacib sayırıq. Biz bu dövrü "dördüncü respublika" və Azərbaycanın gələcək 100 ili kimi müəyyənləşdiririk. Çünki indiki dövlətimiz AXC, sovet Azərbaycanı və 1991-ci ildə elan olunmuş respublika ilə bir çox fərqlərə malikdir. Biz Azərbaycan möcüzəsi modelini irəli sürürük". 
  
Daha sonra Böyük Quruluş Partiyasından prezidentliyə namizəd Fazil Mustafaya söz verilib. F.Mustafa 62 səhifəlik yığcam seçki platformasını seçicilərinə təqdim edib. O deyib ki, seçki platforması "1 həyati və 50 vacib məsələ" adlanır: 
"Prezidentliyə namizəd kimi bu sənəddə ölkə həyatında ən mühüm məsələlərə, onların həlli yollarına münasibət bildirmişəm. Həyati məsələ dedikdə birmənalı təhsil problemini görürəm. Bütün problemlərimizin düyün nöqtəsi məhz təhsil məsələsidir. Seçki şüarımı isə bu cür müəyyənləşdirmişəm - "Dayağımız yeniləşən çalışqan insan, hədəfimiz rifah dövləti Azərbaycan". Mövzuya gəldikdə isə seçki platformasında bu başlıqlarla qeyd etmişəm, - "Dünənimiz Qarabağ zəfəri, bugünümüz Qarabağın bərpası və qalıcı sülh, sabahımız Qarabağ Universiteti". Böyük qələbəmiz üç başlıca amillə bağlı idi. Xalq, Ordu və Ali Baş Komandan vəhdəti bu Qələbənin əsas təminatçısı oldu. 30 il öncə yaxşı təşkilatlana bilmədiyimiz üçün müharibədə qalib gələ bilmədik. Amma indi yaxşı təşkilatlandığımıza görə müharibəni qələbə ilə yekunlaşdırdıq. Ermənilərə məğlubiyyəti qəbul etdirə bildik". F.Mustafa növbədənkənar seçki qərarını müdafiə etdiyi üçün seçkiyə qatıldığını söyləyib: "Bu mənim üçün sadəcə seçki deyil, Azərbaycanın yeniləşmə mərhələsinin başlanma tarixidir. Eyni zamanda müxalifətin də anlayışı yeniləşməlidir. İnkarçılıq fəlsəfəsini başından çıxarıb, demokratik islahatlar üçün faydalı təşəbbüsləri ortaya qoymağa çalışmalıdırlar". 
  Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Tahir Buqadov deyib ki, Azərbaycan növbəti tarixi mərhələnin başlanğıcındadır. O bildirib ki, hər bir azərbaycanlı və ölkədən kənarda yaşayan çoxsaylı həmvətənlərimiz İlham Əliyevin seçkilərdə alternativsizliyini qəbul edirlər:
 "İnanıram ki, fevralın 7-də hər kəs xoşbəxt gələcəyimizə, şanlı Zəfərimizin davamına, yeni zirvələrə doğru irəliləməyə səs verəcək. Cənab İlham Əliyev 20 ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə möhtəşəm nailiyyətlərə imza atıb. 20 ildə ölkəmizi tarixi Zəfərə doğru addım-addım yaxınlaşdırıb. Məhz 2003-cü ildə ilk dəfə prezident seçilərkən İlham Əliyev hər bir azərbaycanlının prezidenti olacağını demişdi. Bildirmişdi ki, bizim ali məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir və biz bu istiqamətdə dayanmadan, durmadan irəli gedəcəyik. Cənab İlham Əliyev sübut etdi ki, onun sözü imzası qədər dəyərlidir. İlham Əliyev indiyə qədər xalqa verdiyi bütün vədləri yerinə yetirib. Onun Azərbaycana rəhbərliyi dövründə qazanılmış nailiyyətlər bənzərsizdir. Bu dövr ərzində ölkədə sosial-iqtisadi tərəqqiyə nail olundu, ictimai-siyasi sabitlik və milli təhlükəsizlik təmin edildi, əhalinin rifahı yaxşılaşdı, insanlara layiqli və keyfiyyətli həyat şəraiti yaradıldı. Xalq-iqtidar birliyi və milli həmrəyəlik gücləndirildi".
  Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev isə deyib ki, növbədənkənar prezident seçkisi həm də gələcəyin seçimidir. Onun sözlərinə görə, 1722-ci ildə Dərbəndin işğalından sonra Azərbaycanın tarixi torpaqları sonrakı dövrlərdə də yavaş-yavaş əldən çıxıb, işğala məruz qalıb: 
"Amma 2020-ci ildə Azərbaycan xalqı 44 günlük müharibə ilə sadəcə Ermənistan üzərində deyil, ermənilərin arxasında duran məkrli düşmənlər üzərində də əlamətdar qələbə qazandı. Bununla dövlətimiz və millətimiz öz nüfuzunu bərpa etdi".
  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli ilk növbədə namizəd Q.Həsənquliyevin tərcümeyi-halını seçicilərin nəzərinə çatdırıb. E.Mirzəbəyli qeyd edib ki, BAXCP 44 günlük müharibə zamanı və postmünaqişə dönəmində istisnasız olaraq iqtidarı dəstəkləyib:
 "Hesab etmişik ki, siyasi baxışlar fərqli olsa da, ərazi bütövlüyü, müstəqillik və suverenlik kimi milli məsələlərdə mövqelər fərqlənməməlidir. Bu, gələcək nəsillər üçün də nümunə olmalıdır. Bununla yanaşı, Qarabağda görüləcək işlərlə və Ermənistanın Azərbaycanın ərazilərinə iddialarına son qoyulması ilə bağlı prioritet hesab etdiyimiz məqamlar var. Onlardan biri Ermənistanın ədalətli sülhə məcbur edilməsi və bu ölkədən təzminat tələb olunmasıdır. Eyni zamanda hazırda məsuliyyətə cəlb olunmayan müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsidir. Ermənistan Zəngəzur dəhlizinə razılıq verənədək bu ölkə ilə kommunikasiyalar açılmamalıdır. Xankəndindən olan 16 min azərbaycanlının və Qərbi Azərbaycandan olan insanlarımızın öz yurdlarına qayıdanadək qısa zaman kəsiyində Xankəndidə yaşaması da bizim üçün prioritet məsələdir". 
  Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev çıxış zamanı bildirib ki, başları üzərində daim Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin şəkillərini asıblar və onların ən böyük arzusu Qarabağın azadlığı, Azərbaycanın bütövləşməsi idi. Onun sözlərinə görə, bu arzuları Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev reallaşdırdı. R.Nurullayev hansı səbəbdən prezidentliyə namizəd olduğunu da açıqlayıb: 
"Qarabağda qazanılan Zəfər Azərbaycan xalqının hər bir vətəndaşının həyatında, ailəsinin həyatında da olmalıdır. Hər kəsin sosial həyatında bir inqilab olmalıdır, o, yaxşı yaşamalıdır. Mən bunun üçün namizədliyimi irəli sürmüşəm və proqramımı təqdim etmişəm. Vətəndaşlar fevralın 7-dən sonrasını ağ vərəq kimi görmək istəyirlər. İstəyirlər ki, prezident seçiləcək şəxs hər məsələni ağ vərəq üzərində yenidən başlasın. Hər şey gözəl olsun və Azərbaycan xalqı üçün olsun. Artıq insanların heç bir problemini zəfərə bağlaya bilməyəcəyik". R.Nurullayev qazilərin və Vətən müharibəsində iştirak etmələrinə baxmayaraq, hələ də veteranlıq ala bilməyənlərin problemini gündəmə gətirib. Deyib ki, seçiləcəyi təqdirdə müharibədə iştirak etsələr də, ad almaqda çətinlik çəkən 6 min şəxsin problemi həllini tapacaq. O, Azərbaycan Ordusunun daha da güclənməsi üçün alternativ xidmət növünün təşkilini də zəruri sayıb. Həmçinin diqqətə çatdırıb ki, bir ölkənin, xalqın 3-5 milli lideri ola bilməz və lider bir şəxs olmalıdır, o da Heydər Əliyevdir: "Azərbaycan xalqının lideri Heydər Əliyevdir. Konstitusiyamıza da bununla bağlı əlavə etməliyik. Əgər siz mənə etimad göstərsəniz, Azərbaycanın dövlətçilik protokolu dəyişməyəcək. M.Ə. Rəsulzadə və Ə.Elçibəy qəlbimdədir, hər ikisi böyük şəxsiyyətlərdir. Amma Azərbaycanı dağılmaqdan Heydər Əliyev qoruyub".  
  Prezidentliyə namizədliyi özü tərəfdən irəli sürülən Fuad Əliyev 15 il öncə prezident seçkisində 33 tezislə iştirak etdiyini xatırladıb və ötən illər ərzində tezislərin yarısının həyata keçdiyini bildirib:
 "Budəfəki seçki çox çətin olacaq, çünki əsas rəqib Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevdir. Bu seçkidə favorit İlham Əliyev hesab olunur. Amma buna baxmayaraq, bitərəf namizəd kimi seçkidə iştirak etmək, öz fikirlərimi, problemlərdən çıxış yollarını sizə çatdırmaq qərarına gəldim". F.Əliyev heç bir partiyaya üzv olmayan bitərəf seçicilərə səslənərək ona, müstəqil namizədə səs vermələrini istəyib. O, seçiləcəyi təqdirdə Qarabağda quruculuq işlərinin daha da sürətlənəcəyini, xarici ölkələrin də bərpa-quruculuq işlərinə cəlb ediləcəyini söyləyib.