Arzuxan Əlizadə: Nikol Paşinyan etiraf edir

Bəzi xarici və daxili qüvvələr davamlı sülhün olmasını istəmir

Ermənistan Baş naziri həm ölkə daxilinə, həm də kənara mesaj ötürür ki, ona ağalıq edənlər prosesə mane olurlar


  Bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, bu vaxta qədər Ermənistanda, həm də ölkənin hüdudlarından kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq. Paşinyan Azərbaycanda da belə qüvvələrin olduğunu iddia edib: "Amma burada ölkə liderlərinin mövqeyi çox vacibdir".

  Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a bildirib ki, əslində, bu ifadələr Baş nazir Nikol Paşinyanın etirafı, mövcud reallığı gündəmə gətirməkdir. Partiya rəhbəri vurğulayıb ki, Ermənistan Baş naziri həm ölkə daxilinə, həm də kənara mesaj ötürür ki, ona ağalıq edənlər prosesə mane olurlar, ona imkan vermirlər:
 "Nikol Paşinyanı hakimiyyəti gətirənlər onun üzərinə öhdəliklər qoyublar. Baş nazir öhdəlik götürüb ki, Rusiyanı bölgədən sıxışdırıb çıxartsın və onun yerini Qərb dövlətləri alsın. Yəni Qərb və Rusiya arasında get-gəl edən Paşinyan öz-özünü ağır və çətin duruma salıb. Cəmiyyətə də bir növ bunun mesajını verir ki, hər şey ondan asılı deyil və kənar qüvvələr var. Baş nazir anlayır ki, kənar təsirlər olduqca bölgədə sabitlik və sülh olmayacaq. Ümumən, Ermənistan müstəqil qərar vermək imkanına sahib olmayan qondarma dövlətdir. İrəvan ya şimal qonşumuz Rusiya, yaxud da Qərb ölkələrindən, xüsusən ABŞ-dən gələn təlimatlar əsasında hərəkət edir. Zaman-zaman sülh prosesi, yanaşmalarla bağlı nisbətən pozitiv görüntü verilsə də, İrəvan qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Elə bu səbəbdəndir ki, 3 ildir sülh danışıqları getsə də, sərhədlərlə bağlı komissiyalar 5 dəfə görüşsələr də, ortada nəticə yoxdur".

  A.Əlizadə qeyd edib ki, İrəvanın həyata keçirdiyi məntiqsiz siyasət Ermənistanın sonunu gətirəcək: 
“Dəfələrlə vurğulanıb ki, sazişə imza atılması, yolların, sərhədlərin açılması Azərbaycandan daha çox Ermənistan üçün lazımdır. Ermənilər sadəcə, Gürcüstan üzərindən keçən Yuxarı Lars yolunun ümidinə qalıblar. O yol da Rusiyanın əlində təzyiq vasitəsidir. Həm Moskva ilə gərginlik fonunda, həm də hava şəraiti ilə əlaqədar Yuxarı Lars yolu tez-tez bağlanılır. Bu da faktiki olaraq İrəvanın ağılsız siyasətinin nəticəsidir".
İsmayıl Qocayev