Politoloq: Ermənistan reallığı qəbul etməlidir

İndiki məqamda sərhədlərin müəyyənləşməsi problemdir, çünki Ermənistanın iddiasında ziddiyyətli məqamlar var


  "Azərbaycan hüquqi qüvvəyə malik başqa bir xəritə təklif etsin". Bunu Ermənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasından olan deputatı Gevorq Papoyan deyib. Papoyan bildirib ki, eradan əvvəl II əsrin xəritəsi, 1828-ci il Türkmənçay müqaviləsindən sonrakı xəritələr gündəmə gətirilə bilər, amma bunlar ciddi deyil: "Biz elə xəritə təqdim etməliyik ki, orada Ermənistan və Azərbaycan müstəqil dövlətlər olub, yaxud SSRİ daxilində müəyyən sərhədlər var idi". Xatırladaq ki, 1920-ci ilin 11 yanvarında Birinci Dünya müharibəsinin yekunları ilə bağlı keçirilən Versal konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyəti ABŞ, Böyük Britaniya, Fransa da daxil olmaqla, 20-yə yaxın dünya dövlətləri tərəfindən tanınıb. Elə həmin gün Versal konfransının bu qərarı Ermənistana da şamil edildi. Əgər Gevorq Papoyan məhz müstəqil dövlətlərin mövcud olduğu xəritənin ortaya qoyulmasını istəyirsə, o zaman 1920-ci ilin 11 yanvarında, müstəqilliyin tanınması zamanı olan xəritələrlə sərhəd müəyyənləşə bilər. Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov da deyib ki, sərhədin delimitasiyası 1918-1920-ci illərə aid xəritələrlə aparıla bilər. Onun sözlərinə görə, Papoyan müstəqillik dövrünə aid xəritələrin daha ədalətli olduğunu dərk edir: “Yəni yalnız Azərbaycan Xalq Cümhuriyyəti və Ararat Respublikası dövründəki xəritələrlə işi aparmaq mümkündür. Ararat Respublikasının ərazisi 9 min kvadrat kilometr olub. Birinci Dünya müharibəsinin yekunlarına həsr olunmuş Paris sülh konfransının nəticəsi kimi həm dünya dövlətləri, həm də Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhədlər müəyyənləşdirildi. Hazırda bu xəritə konfransın keçirildiyi Versal sarayının muzeyində saxlanılır. Papoyan və Paşinyan Makronu yanlarına alıb, gedib orada xəritəyə baxa bilərlər. Həmin xəritəyə görə, Zəngəzur, Göyçə və ətrafındakı mahallar Azərbaycanın ərazisi olub. Əgər Ermənistan boyun qaçırmasa, delimitasiya işinin həmin xəritələr ilə aparılması istiqamətində prosesin inkişafı mümkündür”. 
 
 Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsini bir-iki ay ərzində həyata keçirmək mümkün deyil. Ekspert vurğulayıb ki, məhz ona görə də sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sülh sazişindən kənarda, paralel olaraq müzakirəsi təklif olunur:

 "Öncə sülh müqaviləsi imzalansın. Sərhədlərlə bağlı məsələ uzunmüddətli müzakirə predmeti ola bilər. Sərhədləri müzakirə etmək üçün dövlətlərarası normal münasibətlər sistemi olmalıdır. Bu münasibətlərin formalaşması üçün də sülh sazişi imzalanmalıdır. Ortada diplomatik əlaqələr, əməkdaşlıq, gediş-gəliş yoxdursa, tərəflər görüş və müzakirələri geosiyasi maraqları olan qlobal güclərin təklif etdiyi kənar platformalara daşımaq məcburiyyətində qalacaq. Ermənistan ilk növbəbə bu reallığı qəbul etməlidir. İndiki məqamda sərhədlərin müəyyənləşməsi problematikdir. Çünki Ermənistanın iddiasında ziddiyyətli məqamlar var. Prinsip olaraq Praqada tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünü qəbul ediblər. Ancaq bu prinsipin içini doldurmağa ehtiyac var. Sadəcə, "ərazi bütövlüyünün tanınması" prinsipi sərhədlərin müəyyənləşməsini həll etmir".
  N.Miri vurğulayıb ki, Nikol Paşinyan sərhədlərlə bağlı iddia ortaya qoyarkən unudur ki, Ermənistan rəhbərliyi 1991-ci il Almatı Bəyannaməsini imzalayanda ona əlavələr edib: "Həmin əlavələrdə Qarabağ "Ermənistan ərazisi" kimi göstərilib. Bu iddia Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyasında da təsbit olunub. İrəvan bundan rəsmən imtina etməyib. Bitmiş Qarabağ məsələsi sülh mətnində yer almırsa, Azərbaycanın ərazi bütövlüyü tanınırsa, Ermənistan həmin əlavələrdən rəsmən imtina etməlidir. Bu da referendum yolu ilə mümkündür. O zaman sülh müqaviləsi legitim olar. Təsəvvür edin, sülh müqaviləsi imzalanır, ancaq bir neçə ay sonra N.Paşinyan hakimiyyətdən gedir. Onun yerinə gələn hakimiyyətin konstitusiyanı əsas gətirərək sülh müqaviləsindən imtina etmək haqqı olmayacaqmı?".

  Analitik qeyd edib ki, Ermənistan adlı dövlət nə vaxt qurulubsa, onun tarixi və ərazisi ilə bağlı sənədlər, faktlar mövcuddur: 
"Ermənistan yaradılanda ərazisi 9 min kv.km. olub. Bəs sonradan 29,8 min kv.km. ərazi haradan çıxdı? Bu, ya Azərbaycan torpaqlarını işğal etməklə, ya da sovet dönəmində heç bir hüquqi-siyasi əsası olmayan qanunsuz qərarın icrası ilə mümkündür. Bunların hamısı Rusiyanın arxivində mövcuddur. Əsaslandırsınlar görək, nəyə görə bizim ərazilər Ermənistana verilib. Sovet dövründə "qardaş Hayastan"ın öz heyvanlarını otlatması üçün Azərbaycanın bəzi "lazımsız" əraziləri Ermənistana verilib. 1920-ci ildən bu yana qismən Gürcüstana verilmiş ərazilərimiz istisna olmaqla Ermənistanın 29,8 min kv.km. ərazisinin 20 min kv.km-i heç bir legitimliyi olmayan qərarlarla Azərbaycandan qoparılıb. Xəritələr ortadadır, ancaq Ermənistan tərəfi onların gündəmə gətirilməsində, arxivlərin açılmasında maraqlı deyil. Əgər İrəvan hökuməti sərhədlərin obyektiv müəyyənləşməsini istəyirsə, Fransa arxivlərinə nəzər yetirsin, Versal sülh konfransının sənədlərinə baxsın. 
  Azərbaycan bu məsələdə heç bir güzəştə getməməlidir. Çünki biz çox bədəl ödəmişik və nəhayət, böyük Zəfər qazanmışıq. Ona görə də haqqımızı almağı bacarmalıyıq. Onların son dediyi məsələ, əslində, başlanğıca dönüşdür. Başlanğıc isə əsrin əvvəlləri, 1918-20-ci illər, 114 min kv.km. ərazimiz deməkdir. Əfsuslar ki, gerizəkalı ermənilər həqiqəti anlamaqdan çox uzaqdırlar".