Ermənistan iddialarından rəsmən əl çəkmir
Ölkə konstitusiyasında, dərsliklərində və ideoloji xətdə digər ölkələrə qarşı ərazi iddiaları hələ də qalmaqdadır
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana silahlara qarşılıqlı nəzarəti nəzərdə tutan saziş imzalamağı təklif edib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan silahlarla bağlı konkret saziş bağlamaq və biri-birini izləmək imkanı əldə edə bilər. Baş nazir iddia edib ki, Azərbaycan Ermənistanın sərhəddəki gərginliyi azaldan və sülh üçün möhkəm zəmin yaradan təkliflərini qəbul etmir: “Sülh müqaviləsini elə imzalayaq ki, müharibə mümkün olmasın. Amma bəzən Azərbaycanın təkliflərini oxuyanda belə bir təəssürat yaranır ki, onlar qarşıdan gələn müharibəni qanuniləşdirmək istəyirlər. Biz deyirik: sərhəddən qoşunları güzgü şəklində çıxaraq. Azərbaycan bunu rədd edir. Deyirik, sərhəd rayonlarını demilitarizasiya edək. Azərbaycan yenə də bunu rədd edir”. Erməni politoloq Benyamin Poqosyan Baş nazir Nikol Paşinyanın təklifini qeyri-real hesab edib. Onun fikrincə, belə bir təklif Azərbaycan gündəminə qarşı çıxmaq və ya Ermənistanın gündəmini formalaşdırmaq cəhdidir. Poqosyanın sözlərinə görə, belə bir sazişin bağlanması uzun hazırlıq işləri tələb edir: “İlk növbədə, müəyyən səviyyədə qarşılıqlı etimad, düşmənçilik və ya şantajın olmaması tələb olunur. Bakı Ermənistanın ərazi bütövlüyünü tanımır, “Qərbi Azərbaycan” ideyası növbəti hərbi təcavüzə potensial olaraq zəmindir”.
Poqosyan hesab edir ki, Ermənistan indi müəyyən çaşqınlıq içindədir: “İrəvan ümid edirdi ki, Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasında münasibətlərdə dönüş nöqtəsi yarada və sülh sazişi imzalana bilər; İrəvan ümid edirdi ki, bunun ardınca Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması və sərhədlərin açılması olacaq ki, bu da öz növbəsində iqtisadi inkişafa əlavə təkan verəcək, Qərbdən sərmayələrin cəlb edilməsinə kömək edəcək və növbəti 10-15 il ərzində vəziyyəti sabitləşdirəcək. İndi məlum oldu ki, bunların heç biri baş vermir. Hökumət bunun nə üçün baş verdiyini anlamağa çalışır”.
Politoloq Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyanın iki ölkə arasında qarşılıqlı etimad və dayanıqlı sülh məqsədi ilə silahlara nəzarət sazişinin imzalaması təklifi günün tələblərinə cavab vermir. Ekspertin qənaətincə, indiyə qədər bir çox dövlətlər tərkisilah və silahlara nəzarət barədə çoxsaylı müqavilələr bağlasalar da, sazişin müəyyən müddətdən sonra mahiyyətini itirdiyinin şahidi olmuşuq:
"Dünya tarixində ABŞ və Rusiya arasında imzalanan saziş bunun bariz nümunəsidir. İki qonşu ölkənin sülh şəraitində yaşaması üçün gərəkli olan addım bir-birinin ərazi bütövlüyünü tanımaq və bütün rəsmi, qeyri-rəsmi strukturlarda qonşu ölkələrə ərazi iddiasından çəkinməkdir. Ermənistan hələ də iddialarından rəsmən əl çəkmir. Ölkə konstitusiyasında, dərsliklərində və ideoloji xətdə Türkiyə, Azərbaycan, Rusiya və Gürcüstana qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Qonşu ölkənin coğrafi ərazisinin "simvol və mənəvi dəyər" olaraq atributlarda əks etdirilməsi faktı mövcuddur. Ermənistanla birdəfəlik və uzunmüddətli sazişin imzalanmasında ilk növbədə bu faktlar aradan qaldırılmalıdır. 44 günlük müharibədən sonra Ermənistanın rəsmi hakimiyyəti bu reallığı dərk etsə də, zəhərlənmiş xəstə cəmiyyət hələ də müqavimət göstərir".
Siyasi şərhçi bəyan edib ki, Azərbaycan tərəfi silahlara nəzarət sahəsində şəffaflığı nəzərdə tutan bütün beynəlxalq və regional məlumat mübadiləsi mexanizmlərində fəal iştirak edir:
"Ölkəmiz silahlara nəzarət sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların işində fəal iştirak edir. Azərbaycan 2016-cı ilin dekabrında keçirilən seçkilərdə "Nüvə Silahlarının Qadağan Olunması üzrə Təşkilat”ın İcraiyyə Şurasına, 2017-2019-cu illərdə isə quruma üzv seçilib. Mövcud durumda bölgədə sülhün qarantiyası Ermənistanın tərkisilah edilməsindən keçir. Çünki bu dövlət 30 il ərzində davamlı olaraq işğalçılıq siyasəti yürüdüb. 20 faiz torpaqlarımızda vandallıq edib, bütün tarixi və mədəni abidələrimizi yox edib. Ona görə də Ermənistana yüngül, kiçik kalibrli hərbi texnikalarla silahlanmaq icazəsi verərək ağır hücum texnikaları və uzaqmənzilli raketlərin saxlanması qadağan edilməlidir. Regionda sülhün təminatçısı güclü və ən müasir hərbi texnikalarla silahlanmış Azərbaycan ola bilər".