Fransa Senatı qəbul etdiyi kağız parçası - ŞƏRH

Ermənidən çox ermənilik heç bir işə yaramayacaq

  Xəbər verdiyimiz kimi, Fransa Senatı Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Layihənin lehinə 295, əleyhinə isə 1 səs verilib. Qətnamə layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və ermənilərin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur. Şübhəsiz, Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi heç bir əhəmiyyətli siyasi-hüquqi nəticə doğura bilməz. Əksinə, bu kağız parçası Parisin Qafqaz siyasətinin iflasının göstəricisidir. Rəsmi Bakı Fransa Senatının həyasızlığını cavabsız qoymayıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi də Fransa Senatının qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Bəyanatda deyilib ki, son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirib: "Fransa beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir. Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər".
  Parlament Azərbaycan hökumətindən Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istəyib. Həmçinin Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə TOTAL da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması ilə bağlı çağırış edilib.
  Millət vəkili Azər Badamov "Sherg.az"a bildirib ki, Fransa dövləti ermənilərin əlində alətə çevrilib. Deputat vurğulayıb ki, Fransa ermənidən çox ermənilik edərək Azərbaycana qarşı qətnamələr qəbul edir, qərəzli fikirlər söyləyir, Natəvanın abidəsinə qarşı vandallıq edirlər:

"Öz tarixi müstəmləkəçilik, qırğınlar, insanların istismarı, türkəfob və islamofob siyasəti ilə zəngin olan bu dövlətin Azərbaycanla bağlı hər hansı qətnamə qəbul etməyə ümumiyyətlə haqqı yoxdur. Fransa Senatı əvvəllər də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Amma onların qəbul etdikləri qətnamələr bizim üçün lazımsız kağız parçasından başqa bir şey olmayıb. Çünki bu dövlətin başında dayananlar ciddi şəxslər deyillər. O cümlədən onların qəbul etdikləri kağız parçaları da ancaq elə Senatın divarları arasından kənara çıxmayacaq. Qətnamədə “Ermənistanın ərazi bütövlüyünə təhdidlərin" qarşısını almaqdan danışılır. Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlayır. Azərbaycan Ordusu isə şərti sərhəd hesab olunan ərazidə möhkəmlənib. Əgər Fransa Azərbaycan Ordusunun Ermənistan ərazisində olduğunu hesab edirsə, bunu müəyyənləşdirmək çətin deyil. Cenevrədə arxivdə saxlanılan Azərbaycan Xalq Cumhuriyyətinin və Ermənistanın sovetlər tərkibinə daxil olduğu vaxtda hansı ərazilərə malik olmasını göstərən xəritələri açıb baxsınlar. Keçmiş müttəfiq respublikalar sovetlərin tərkibinə hansı ərazilərlə daxil olublarsa, sovetlər dağılandan sonra da həmin ərazilərlə də ayrılmalıdırlar".
  Parlamentari vurğulayıb ki, qətnaməni hazırlayan senatorlar Azərbaycanın ötən il 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi hərbi əməliyyatın “humanitar faciə və əsl etnik təmizləmə” ilə nəticələndiyini, Azərbaycanın Qarabağda erməni mədəni irsini məhv etməyə çalışdığını qeyd edirlər. Ancaq Fransa senatorları yaxşı bilirlər ki, Qarabağdan çıxan ermənilərə qarşı heç bir etnik təmizlənmə aparılmayıb: "Ermənilər könüllü şəkildə ərazilərimizi tərk ediblər və Azərbaycanın vətəndaşılığıını alıb yaşamağa qalmaq təkliflərinə məhəl qoymadan gediblər. O cümlədən BMT missiyası iki dəfə Qarabağa səfər edərək etnik təmizləmə ilə bağlı hər hansı bir faktın müəyyən olunmadığını qeyd edib. Əsl etnik təmizləmə 1988-ci ildə Ermənistanda yaşayan 300 min azərbaycanlıya qarşı törədilib. Onlar güc yolu ilə ata-baba yurdlarından deportasiya olunublar. O cümlədən 1990-cı illərin əvvəlində Qarabağ torpaqlarını işğal edərkən dinc insanlara qarşı soyqırımlar törədən, onların milli-mədəni, dini dəyərlərini məhv edərək təhqir edən Ermənistan olub. Azərbaycanlılara qarşı soyqırımlar və etnik təmizləmələr həyata keçiriləndə fransızların gözləri kor idi? Bu gün Qərbi Azərbaycanda, İrəvanda azərbaycanlılara məxsus mədəni irsin məhv edilməsi və tarixin saxtalaşdırılmasını fransalı senatorlar görmürlər? Təbii ki, hər şeyi görürlər. Sadəcə, onlar müsəlmanları əzməyə öyrəşiblər. Amma Azərbaycanı digərləri ilə eyniləşdirməsinlər. Azərbaycan dövləti öz ədalətli mövqeyini müdafiə edə bilən ölkədir və ölkəmizə qarşı həyata keçirilən hər bir təxribata ciddi cavabımız olacaq".
A.Badamov qeyd edib ki, Fransanın bu addımı əvvəlki hərəkətləri kimi iflasa uğrayacaq: "Fransa 5 dəfə BMT TŞ-də Azərbaycana qarşı qətnamələr qəbul etdilməsi ilə bağlı məsələni gündəliyə çıxarıb. Amma hər dəfə biabırcasına məsələni geri çəkməyə məcbur olub. O cümlədən Avropa İttifaqına çıxarılacaq məsələ də ayaq tutub yeriməyəcək. Avropa İttifaqına daxil olan 9 ölkə ilə Azərbaycanın ikitərəfli strateji əməkdaşlıq haqqında müqavilələri var. O cümlədən Azərbaycan qazı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında həyati rol oynayır. Bu baxımdan Fransanın Azərbaycana qarşı çirkin niyyətləri onların ürəyində qalacaq. Fransa Senatı qəbul etdiyi kağız parçasının dəyərsiz olduğunu bilir. Bu, sadəcə Azərbaycana qarşı qərəzin və düşmənçiliyin ifadəsinin formasıdır. Fransa sadəcə çevrilib öz keçmişinə baxsın".