“Mülki missiya” adı altında sərhədimizə real qoşun yığmağa çalışırlar
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası sərhədyanı ərazilərə daha 1500 nəfər əlavə patrul göndərməyə qərar verib. Qurumun “X” (keçmiş Tvitter) platformasındakı məlumatda bildirilir ki, “Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yeğeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir” və guya, onlara yerlərdəki vəziyyəti müşahidə etmək, hesabat hazırlamaq tapşırılıb.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Aİ-nin yaydığı bu məlumat təbii ki, gözdən pərdə asmağa hesablanıb. Analitikin fikrincə, əsl həqiqətdə Aİ “mülki missiya” adı altında sərhədimizə real qoşun yığmağa çalışır: "Onlar bu məkrli planı kamuflyaj etmək üçün “mülki missiya”, “monitorinq”, “patrul xidməti” kimi qeyri-hərbi ibarələrdən gen-bol istifadə edirlər.
Eyni zamanda həmin dırnaqarası “patrul”ların sayını get-gedə artırmağa çalışırlar. Belə ki, Ermənistandakı mülki monitorinq missiyasına əvvəlcə 138 nəfərlə başlayan Avropa İttifaqı, daha sonra onların sayını 209 nəfərə qədər artırdı. İndi isə birdən-birə 1500 nəfər əlavə patrul göndərməyə qərar veriblər. Özü də bunun üçün heç bir əsas, heç bir zəmin olmadığı halda bu addımı atırlar.
Halbuki Ermənistan-Azərbaycan şərti sərhədində son həftələrdə və aylarda heç bir silahlı insident baş verməyib. Azərbaycan Ordusunun Ermənistana müdaxilə etməyə hazırlaşdığı barədə fikirlər də sadəcə uydurma və dezinformasiyadır. Əksinə, hazırda Ermənistan və Azərbaycan arasında siyasi-diplomatik müstəvidə münasibətlərin get-gedə intensivləşməsi sülh üçün real zəmin yaradır".
Ekspert bildirib ki, Avropa İttifaqının rəsmiləri isə bir yandan “biz Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə sadiqik” səpkili bəyanatlar verir. Digər tərəfdən, Aİ peşəkar hərbçiləri “patrul” adı altında Ermənistanda yerləşdirməklə sülh prosesinə ciddi zərbə vurur: "Bu isə bir daha “ikili standart”ların əyani təzahürüdür. Aİ-nin Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının sayını birtərəfli qaydada, Azərbaycanla razılaşdırmadan artırması həmçinin beynəlxalq hüquq normalarına da ziddir. “Mülki müşahidə missiyası”nın üzvlərinin birbaşa sərhədə göndərilməsi və onların durbinlə bizim ərazilərimizi izləməsi açıq şəkildə qaydaların pozulması deməkdir. Aİ bölgəyə sülh gətirməklə yox, “patrul”larını, “revizor”larını sərhədimizə yığaraq təxribatla məşğuldur".