Elxan Şahinoğlu: Paşinyan Ermənistanı dəyişməyə məcburdur

Baş nazir anlayır ki, Konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq


  Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. O qeyd edib ki, dünyada dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də, Ermənistana təsir edəcək: "Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var. Təkamülü dayandırmaq məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya çatacağıq. Amma məsələ onu Ermənistanın dövlət maraqlarına uyğun idarə etməkdir". Paşinyanın fikrincə, Ermənistanda ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya olmalıdır ki, bu da ölkəni yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli etsin. Eyni zamanda Paşinyan əmindir ki, parlament idarəetmə sistemi Ermənistan üçün ən əlverişlidir. Baş nazir 2020-ci il müharibəsindən sonrakı dövrdə buna əmin olduğunu bildirib.

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Nikol Paşinyan parlamentdəki çıxışlarında mövcud Konstitusiya barədə ara-sıra tənqidi fikirlərini bildirib. Ekspertin sözlərinə görə, baş nazir zaman-zaman qonşu dövlətlərə ərazi iddiasını əks etdirən bəndlərin əsas qanunda varlığının reallığı əks etdirmədiyinə işarə edib:

 "Bu, həqiqətdir. Ermənistan müstəqilliyini qazandıqda bu ölkədəki siyasi qüvvələr özgə torpaqlara giz dikərək ərazi iddialarını əsas qanuna salmışdılar. O dövr bitdi. Paşinyan anlayır ki, Konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq. Radikalların və “Qarabağ klanının” müqavimətindən asılı olmayaraq Paşinyan yeni Konstitusiya qəbul etmək istəyərsə, erməni cəmiyyətinin əksər hissəsi ona dəstəyini ifadə edəcək. Bu həmin ermənilərdir ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətə rəğmən, yenə Nikol Paşinyana səs verdilər. Onlar yeni Konstitusiyaya da “yox” deməyəcəklər".