Sevil Mikayılova: AŞPA kimi beynəlxalq təşkilatlar ədalətdən nə qədər uzaq olduqlarını açıq formada sərgiləyirlər

"Bir sıra Qərb dairələrinin və onların əlində vasitəyə çevrilmiş AŞPA kimi qurumların destruktiv addımları sübut edir ki, Cənubi Qafqazdakı sabitliyə dorğu istiqamətlənən proseslər onların maraqlarından uzaqdır. AŞPA-nın yanvarın 22-də, qış yarım sessiyasının açılış günündə ölkəmizin bu təşkilatda nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi Azərbaycana qarşı açıq-aşkar ikili standartlar siyasətinin tətbiqinə cəhd idi".

Bunu "Sherg.az" a  açıqlamasında deputat Sevil Mikayılova deyib.
S.Mikayılova qeyd edib ki, Azərbaycanın AŞPA-ya üzv olduğu 2001-ci ildən etibarən özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.
“Azərbaycan hər zaman məsələlərin dialoq vasitəsilə həllini dəstəkləyib, üzv olduğu təşkilatların da birgə fəaliyyətinə öz töhfəsini verib. Azərbaycan hər zaman öz öhdəliklərini yerinə yetirib və nədənsə imtina etməyib. Əvəzində isə AŞPA-nın qərəzli, ədalətsiz yanaşmasının şahidi olduq. 30 illik işğal dövrü ərzində AŞPA işğalçı Ermənistanı pisləyən bircə dənə də olsun bəyanat, sənəd qəbul etməyib, heç şifahi formada da işğalçılar qınanılmayıb. Bugün isə  AŞPA Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verməyə çalışır. Azərbaycan nümayəndə heyətinin səs hüququna belə kobud və haqsız müdaxilə cəhdi separatçılıqla mübarizə aparıb qalib gələn Azərbaycan dövlətinin əzminə heç bir təsir göstərə bilməz. Amma digər tərəfdən dünya ictimaiyyəti üçün olduqca untancverici nümunədir. Artıq AŞPA kimi beynəlxalq təşkilatlar ədalətdən nə qədər uzaq olduqlarını açıq formada sərgiləyirlər”.

S.Mikayılova qeyd edib ki, bugün güc və maraqlar faktoru əsas rol oynayır. Bir sıra beynəlxalq təşkilatlar da bu iki faktor əsasında hərəkət edir:
“Azərbaycan öz ərazilərini azad etdikdən və suvenrliyini bərpa etdikdən sonra ölkəmizə qarşı sistemli kampaniya aparıldığı məlumdur. Azərbaycanın siyasi iradəsi, iqtisadi və hərbi gücü bir sıra dairələrdə qısqanclıqla qarşılanır. Onlar müxtəlif yollarla Azərbaycan siyasi iradəsinə təzyiq göstərməyə çalışırlar. AŞPA-nın qəbul etdiyi qərarın təməlində də bu amillər dayanır. Öz ərazisində separatçılığın kökünü kəsmiş bir ölkəni belə biabırçı üsul və metodlarla sıxışdırmaq cəhdinin başqa bir izahı yoxdur”.

S.Mikayılova  vurğulayıb ki, AŞPA tərəfindən qəbul olunmuş qərar öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycana qarşı birmənalı şəkildə qərəz və ədalətsizlikdir.
“Ölkəmizə qarşı açıq formada sərgilənən açıq qərəzdən sonra isə Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə bir əhəmiyyət kəsb etmir. Azərbaycan digər təşkilatlarda olduğu kimi, AŞPA-da da üzvlüyü müddətində özünü demokratik dəyərlərin sadiq tərəfdarı kimi təsdiqləyib. Təşkilatın anti-Azərbaycana yanaşması isə bu əməkdaşlığa ciddi və qalıcı zərbə vurmuş oldu.”