Fuad Abbasov: "Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş"

Ermənistan son dərəcə çətin vəziyyətdədir, region genişmiqyaslı müharibə ərəfəsindədir. Bölgədə genişmiqyaslı müharibə başlayır. Bu gün İran, Pakistan, Yəmən, Suriya, Livan, İraq, İsraildə atışma səsləri gəlir, onların yanında ABŞ və Böyük Britaniya dayanır.
Bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
“Bütün bu atışmaların hədəfi İrandır. İsrail ABŞ-ı İrana qarşı müharibəyə cəlb etmək üçün hər şeyi etməyə çalışır. Orada müharibə başlasa, bizi tamamilə unudacaqlar və bu, Azərbaycanın Ermənistana “hücumu” üçün əlverişli imkan yaradacaq, Bakının məqsədlərinə çatmasını təmin edəcək”, - o bildirib.
Xaçikyanın sözlərinə görə, Bakı 2020-ci ildə və 2023-cü ildə məqsədlərinə çatmaq üçün artıq iki dəfə güc üsullarına cəhd edib:
“Qərbin Ermənistana qarşı təcavüzə yol verməyəcəyi ilə bağlı bəyanatları vədlər səviyyəsində qalacaq, hansısa təsirli addım atılmayacaq. “Artsaxın” ermənisizləşdirilməsindən əvvəl davamlı olaraq Qərbdən onun etnik təmizləməyə imkan verməyəcəyi, etnik təmizləmənin fəsadlara səbəb olacağı barədə bəyanatlarını eşitmişik. Və sonda nə oldu? Heç nə. İndi də belə olacaq. Azərbaycan praktikada əmin oldu ki, Qərb təhdid və bəyanatlardan o yana getməyəcək.

Açıqlamanı "Sherg.az" üçün şərh edən tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov bildirib ki, Xaçikyanın açıqlamasındakı Azərbaycanın Ermənistana hücum etməsi və onun torpağını işğal etməyi planlaması iddiaları yalandır və reallığı əks etdirmir:
"Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevəmesaj göndərərək, sülh müqaviləsi imzalamazdan əvvəl hücum etməmə aktı imzalamağı təklif edib. Hazırda Ermənistan tərəfi Azərbaycanın hücumundan tədirgin vəziyyətdədir. Bunu Xaçikyan deməsə də Ermənistan baş naziri başda olmaqla bütün erməni ictimaiyyəti bilir. Hücum aktı bağlamağda əsas məqsəd Ermənistanın istədiyi şərtlərdə Azərbaycanla müqavilə imzalanmayacağı təqdirdə Bakının müdaxiləsinin qarşısını almaqdır". 

F.Abbasov Azərbaycanın müdafiə xərclərinin 2020-ci ildən bu yana hər il artdığını söyləyib:
"Belə bir deyim var: "Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş". Xaçikyanın dediyi kimi bölgədə İrana qarşı bir cəbhə meydana gəlsə, Tehranın tərəfində olan Ermənistana qarşı da yönələcək. Bu nöqteyi-nəzərdən də Azərbaycanın Ermənistana qarşı atacağı hansısa addıma İrana qarşı olan cəbhədən dəstək gələcək. Ermənistan rəhbərliyi bunu yaxşı başa düşür".