İrəvanın  düşdüyü vəziyyətdən çıxışı o qədərdə çətin deyil  - RƏY 

Bunun üçün sadəcə Azərbəycanla münasibətləri qaydaya salmalıdır

"Ermənistan bir dövlət kimi çökə bilər”.  Bu barədə erməni politoloq Vahe Ovannisyan fikir səsləndirib.

“Qorxuram ki, Ermənistan bir dövlət kimi məhv ola bilər. Doğrudur, 21-ci əsrdə bu, qeyri-mümkün görünür. Lakin Suriya və Ukrayna beləcə dağıldı”, – Ovannisyan vurğulayıb.

Erməni politoloqun fikrincə, “Artsax” məsələsində heç nə edə bilməyən xalqın Ermənistanın süqutunu dayandıracağına dair heç bir zəmanət yoxdur.

“Dəyişikliyin baş verməsi üçün biz özümüzü, daxili siyasi mübarizənin formatlarını dəyişməliyik. Konstitusiyanın, himnin və gerbin dəyişdirilməsini gündəmə gətirməklə indiki hakimiyyət hər kəsin seçim qarşısında qalacağını göstərmək istəyir. Onlar simasız, prinsipsiz, yaddaşı olmayan yeni Ermənistan yaradırlar. İndiki rejim ancaq cəmiyyətin fəaliyyətsizliyi sayəsində hakimiyyətdə qalır. Odur ki, şəxsi ambisiyaları bir kənara qoyub cəmiyyəti konsolidasiya edə bilən moderator lazımdır. Belə bir adam olsa, onun adı Ermənistanın tarixinə qızıl hərflərlə yazılacaq”, – deyə Ovannisyan fikirlərini tamamlayıb.

Ovannisyanın açıqlamalarını "Sherg.az"a dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, erməni politoloqun sözləri kifayət qədər pessimist yanaşmadır və reallığı əks etdirmir:

"Ermənistanın çökməsinə dair fikirlər və bunu Ukrayna, Suriya ilə müqayisə edilməsi qeyri-peşəkar yanaşmadır. Əvvəla, Qarabağ müharibəsində Ermənistanın edəcək heç nəyi yox idi. Çünki Azərbaycan haqlı olan tərəf idi. Bu baxımdan indiki məqamda Ermənistanın edə biləcəyi ən yaxşı variant Azərbaycanla sülh müqaviləsi bağlayıb, problemləri həll etməsidir. Regionda əməkdaşlığın başlanılması Ermənistana hava və su kimi lazımdır. Bunun üçün Türkiyə və Azərbaycanla sərhədlər açılmalı, siyasi və iqtisadi münasibətlər bərpa edilməlidir. Yəni, rəsmi İrəvan üçün düşdükləri vəziyyətdən çıxış o qədərdə çətin deyil, bunun üçün sadəcə Azərbəycanla münasibətləri qaydaya salmalıdır".