Dünya nizamı dəyişir: Rusiya, Çin, İran və Şimali Koreya ABŞ-yə qarşı birləşır

"Rusiya, Çin, İran və Şimali Koreya ABŞ-ı zəiflətmək üçün birləşirlər”.

 Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, söhbət təhlükəsizliyi təmin edən “qlobal qaydaların” dəyişdirilməsi cəhdlərin gedir.

Stoltenberq vurğulayıb ki, İran, Rusiya, Çin və Şimali Koreya ABŞ dollarına əsaslanan qlobal maliyyə sistemini zəiflədirlər.


Stoltenberqin iddiaları ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran politoloq Aytən Qurbanova qlobal sistemdə sürətli şəkildə hərbi-siyasi və iqtisadi bloklaşmanın davam etdiyini söyləyib:

"Təbii ki, bu bloklaşma fonunda Qərb-Şərq cəbhəsindəki ziddiyyətlər də paralel olaraq dərinləşir. Ona görə də, NATO çətiri altında ABŞ-ın liderliyi ilə birləşən Qərbə qarşı Rusiya və Çinin rəhbərliyində alternativ ittifaqlar formalaşır. Qüvvələr balansı dəyişir, qlobal sistemdə yeni aktorlar peyda olur və bu nisbətdə də yeni qaydalar qəbul edilir. Bu da ənənəvi olaraq yeni dünya nizamının yaranmaqda olduğunu ifadə edən xarakterik xüsusiyyətlərdən biridir. Artıq soyuq müharibədən sonrakı dünya nizamı süqut edib və yeni dünya nizamı yaranır".