"İvanişvilinin  siyasətə qayıtması Gürcüstanın daha güclü olacağına bir işarədir" - Ekspert

Mübariz Qarayev: Gürcüstanda dəyişiklik tərəfdaşlarla münasibətlərin inkişafında vacib rol oynayacaq

Ümid edirəm ki, Gürcüstanda hakimiyyət dəyişikliyi regionda sülhün möhkəmləndirilməsi və strateji tərəfdaşlarla münasibətlərin inkişafı istiqamətində daha vacib rol oynayacaq. Bidzina İvanişvilinin də siyasətə qayıtması Gürcüstanın daha güclü olacağına bir işarədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda fəaliyyət göstərən “Şəffaf Qafqaz” Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev söyləyib.

Onun sözlərinə görə, yeni hökumətin dövründə Tbilisi ilə Bakı arasında münasibətlər daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək. Bu, regionun inkişafı üçün mütləqdir. Çünki böyük layihələrin icrası regionda sülhü tələb edir.

M.Qarayev yeni hökumətin ölkəni sürətli inkişafa aparacağına da əmindir.

“Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası hakimiyyətdə olduğu dövrdə Avropa İttifaqına namizəd statusunu əldə edə bilib. İndi isə Avropa İttifaqı qarşısında öhdəlikləri yerinə yetirmək üçün həm ölkə xaricində, həm də daxilində yeni simalara ehtiyac var”, – deyə M.Qarayev vurğulayıb.

Mərkəz rəhbəri qeyd edib ki, sabiq Baş nazir İrakli Qaribaşvilinin indi partiya sədri olması ilə orada ciddi dəyişikliklər baş verəcək, çünki qarşıdan seçkilər gəlir. Ona görə də regionlara yeni simalar, yeni yaradılacaq strukturlara daha həvəslə işləyən şəxslər lazımdır. Bu məsuliyyətli vəzifə isə seçkiqabağı İrakli Qaribaşviliyə tapşırılıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası İrakli Kobaxidzenin namizdəliyini irəli sürüb.