İqtisadçı Əyyub Kərimli parlament seçkilərində iştirak edəcək -SÖHBƏT

İqtisadçı ekspert Əyyub Kərimli sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O namizədliyini 24 saylı Nizami  birinci seçki dairəsindən  irəli sürüb. Sənədlərini MSK-ya təqdim edən iqtisadçı imza vərəqələrini də götürüb. Artıq imzatoplama prosesinə də start verilib. Bu barədə Əyyub Kərimli “Sherg.az”a müsahibəsində  deyib.

Maraqlıdır, parlament seçkilərinə qoşulmaq istəyi haradan qaynaqlandı?
- Əvvəla onu deyim ki, sentyabrın 1-i ölkəmiz və xalqımız üçün daha bir əlamətdar və əhəmiyyətli seçkilərdən olan Milli Məclis seçkiləri keçiriləcəkdir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında çox əsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan, yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin davamlı inkişafı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Böyük Qayıdış proqramının uğurla icrası, Azərbaycanın regional və qlobal miqyasda əsas aktorlarından birinə çevrilməsi hər birimiz üçün böyük iftixardır. Əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün suveren ərazilərimizdə ilk dəfə olaraq Milli Məclis seçkiləri təşkil olunacaqdır. Yuxarıda qeyd etdiklərim, uzun illərdir ölkə həyatının bütün ictimai–siyasi proseslərində yaxından iştirak edən iqtisadçı-ekspert, müəllim, vətəndaş cəmiyyəti institunun fəallarından biri kimi mənə - parlament seçkilərində iştirak üçün stimul verdi. Seçkilərin tam şəffaf və demokratik keçiriləcəyindən, xalqın iradəsinə söykənən bir seçki olacağına əminəm. 

- Niyə məhz Nizami rayonundan namizədliyinizi irəli sürdünüz?
- 15 ildən çoxdur Nizami rayon sakiniyəm. Bu illər ərzində ölkənin nüfuzlu ali təhsil müəssisələrindən olan Dövlət İdarəçilik Akademiyasının müəllimi, iqtisadçı ekspert və vətəndaş cəmiyyəti institutunun fəal üzvərindən biri olaraq dünyada və ölkəmizdə, eləcədə yaşadığım rayondakı vəziyyətlə yaxından tanış olmaq imkanı qazanmışam. İqtisadçı ekspert kimi dövri mətbuatda müntəzəm şəkildə çıxışlar edərək, eləcə də müzakirələrə qatılaraq ölkə həyatında baş verən sosial-iqtisadi hadisələr barədə vətəndaşların məlumatlandırılması işində fəal iştirak etmişəm və mövcud olan müəyyən çətinliklərin həlli istiqamətində öz təkliflərimi vermişəm. 
Qeyd etməliyəm ki, ölkə vətəndaşlarını, eləcədə Nizami rayon sakinlərini düşündürən və onları maraqlandıran məsələlər, ələlxüsus sakinlərimizin üzləşdikləri çətinliklərin həlli yolları ilə bağlı aydın təsəvvürüm var. Bütün bunları nəzərə alaraq onları  Milli Məclisdə layiqincə təmsil etmək, narahatlıq doğuran məsələləri parlamentdə aktiv müzakirə etmək, səslərini icra strukturlarına  çatdırmaq üçün Nizami rayon sakinlərinin dəstəyinə inanaraq 24 saylı birinci seçki dairəsindən müstəqil və bitərəf namizəd kimi seçkilərə qoşulmuşam. 
  Bu gündən imza toplamaq prosesinə start verəcəyik. Hər kəsin dəstəyinə, imzasına böyük ehtiyac var. İmza vermək istəyən hər kəs  qərargahımızla və ya mənimlə əlaqə saxlaya bilər. Nümayəndələrimiz özləri yaxınlaşıb imzaları qeydə alacaqlar. Onu da xatırlatmaq istəyirəm ki, hər bir seçici istənilən sayda namizədə imza verə bilər.
 Dairənin hüdudlarına əsasən   R. Rüstəmov, Ş. Mirzəyev, Özbəkistan, Naxçıvanski küç bir hissəsi, Q,Qarayev prospekti, Şərifli və buna yaxın küçələr aiddir. 

- Seçki platformanız necə olacaq, şüarınız nədir?
- Bilirsiniz ki, yenidən seçiləcək Milli Məclisin qarşısında ölkə başçısının yürütdüyü müdrik siyasət və apardığı islahatlara adekvat olaraq yeni çağırışlar dayanmaqdadır. İnsanlarımız da daha çox fəal, aktiv və peşəkar  millət  vəkilini arzulayırlar.  Regionlarımızın da bu islahatlardan maksimum faydalanmasına, yerli əhalinin rifahının artırılmasına, sahibkarlığın inkişafına, turizm potensialının yüksəldilməsinə, məşğulluğun təmin edilməsinə töhfə vermək məqsədi ilə ölkə qanunvericiliyinin təkmilləşməsi və inkişafı prosesində aktiv iştirak edərək parlament seçkilərinə qoşulmaq istədim. Hesab edirəm ki, ötən illər ərzində qazandığım bilik və təcrübə millət vəkili kimi doğma vətənimiz üçün daha faydalı olmağıma, seçiciləri ləyaqətlə və peşəkarlıqla təmsil etməyimə imkan verəcək. Yeniyə və yeniliyə imza atın.

- Sözügedən seçki dairəsindən namizəd olan digər şəxsləri  tanıyırsınızmı? Onlarla mübarizədə şansınızı necə dəyərləndirirsiniz?
- Dairədən aldığım məlumata əsasən 24 saylı Nizami  birinci seçki dairəsindən 10 namizəd  var. Yeni Azərbaycan partiyası da həmin dairədən öz namizədini irəli sürüb. Həmin şəxslə nə qiyabi, nə də əyani tanışlığım var.  Bildiyim qədər ilə keçmiş millət vəkili Könül xanım Nurullayeva da təkrar həmin dairədən namizədliyini irəli sürüb. Namizədlərin sayı kifayər qədər çox olduğu üçün rəqabətin də yüksək olacağını zənn edirəm. Bu baxımdan daha hazırlıqlı olmalı, təbliğat- təşviqat kampaniyasını fərqli ideyalar və platformalar üzərindən qurmaq  lazımdır. Düşünürəm ki, məhz bu rəqabət mənə daha kreativ düşünməyə və yeni ideyalarla seçicilərin qarşısına çıxacağıma  kömək olacaq.  Marafonda  iştirak edəcək hər bir namizədə uğurlar arzulayıram. Əsas söz sahibi seçicilər olacaq və məhz onlar 7-ci çağırış parlamentdə onları təmsil edəcək şəxsi seçəcəklər.