Azərbaycanda istehsal olunan məhsullar yerli bazara nisbətən xarici bazarlara daha aşağı qiymətə təklif olunur. Məsələn, bu ilin yanvar-iyun aylarında xaricə satılan kartofun bir kiloqramının orta gömrük qiyməti 72 qəpik olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 qəpik ucuzdur. Ötən ilin eyni dövründə bu qiymət 74 qəpik olub. Bu ilin iyun ayında kartofun bir kiloqramının orta aylıq pərakəndə satış qiyməti isə 90 qəpik olub. Maraqlıdır, bu və buna bənzər məhsulların xaricə daha ucuz satılmasının səbəbləri nədir?
Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Əyyub Kərimli “Sherg.az”a bildirib ki, bu cür hallar bütün dünya xarici ticarət prosseslərində mövcuddur:
''Bəzən yerli istehsal olunan məhsullar xarici ölkələrə rəqabətliliyi təmin etmək üçün daha ucuz satılır. Biz bunu həm Türkiyə, həm də digər ölkələrin məhsullarında müşahidə edirik. Çox vaxt Türkiyədə satılan tekstilin qiyməti ölkəmizdəki ilə eyni dəyərdə olur. Bu da xaricdəki məhsullar ilə rəqabətliliyi təmin etmək üçündür. Bu ixrac potensialını stimullaşdırılmasına yönəlmiş siyasətdir. Sözsüz ki, xaricdə satılan malların müəyyən qədər xərcidə azalır. Yəni, icarə və digər xərclər malın üzərində əlavə dəyər yaratmır. Ona görə də bu amili ixrac potensialını stimullaşdırılması üçün qiymət siyasəti hesab etmək olar. Əgər fermerlərə xaricdə həmin qiymətə məhsul satmaq sərfəlidirsə, o zaman prossesin davam etdirilməsi ölkənin aqrar sektorunun inkişafına müsbət nəticələr verəcək".