Bakıda sakinləri ölümə səsləyən köşklər fəaliyyətə başlayıb.
Sherg.az Avtosfer.az-a istinadla xəbər verir ki, paytaxtın Yasamal rayonunda vətəndaşları intihara təhrik edən qəhvə köşkləri fəaliyyətə başlayıb. Köşklərdən biri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında, Hüseyn Cavid parkı ilə üzbəüz görüntülənib.
Həmin səyyar satış məntəqəsi artıq şəbəkə şəklində fəaliyyət göstərir. Köşkün üzərindəki yazıları diqqətlə oxuduqda görünür ki, paytaxtın mərkəzi, ən işlək küçələrindən biri, üstəgəl gənclərin, tələbələrin ən çox istifadə etdiyi ərazidə intiharın təbliğatı ilə məşğul olunur.
Menyuda müştərilərə təqdim edilən içki "intihar kofe" adlandırılıb. "Arauşağı" adı altında fəaliyyəti göstərən qəhvə şəbəkəsi köşkə müştəri cəlb etmək üçün seçdiyi uğursuz şüar isə "bu gün intihar edim, yoxsa kofe içim?" olub. Maraqlısı da odur ki, artıq bir müddətdir işləyən səyyar satış köşkünə, hətta AMEA-dan belə reaksiya verilməyib.
Məsələ ilə bağlı danışan psixoloq Gülnar Orucova "Sherg.az"a söyləyib ki, əvvəllər məkanların divarları üzərindəki bu tipli yazılara xarici ölkələrdə rast gəlirdik :
''Artıq bu dizayndakı məkanların sayı Azərbaycanda da kifayyət qədərdir. Ancaq bu yazıları oxuyanda digərləri kimi mənim də üzümdə təbəssüm yaranır. Yəni, bu tip yazılar insanları əyləndirmək məqsədi ilə tərtib olunur. Ancaq bu gün "kofe içim ya, intihar edim" tipli cümlələri heç də normal qarşılamaq olmaz. Qeyd edim ki, hər bir insan ömründə bir dəfə də olsun intihar etməyi düşünür. Ancaq bu yazını məkana yerləşdirmək heç də düzgün addım deyil. Təbi ki, bu tip yazılar insana mənfi təsir edə bilər. Əslində, məkan sahibləri xoş dizaynda yazılar düşünməlidirlər ki, müştərilər bura böyük maraqla gəlsinlər. Ancaq sözügedən hadisədə təzadın olduğunu müşahidə edirik. Bir cümlə belə insanı sətiraltı intihar haqda düşünməyə vadar edir. Anlamaq olmur ki, insanı pozitivə kökləyən yazılar əvəzinə bu tip cümlələr nə məqsədlə yazılır?''.
Psixoloq qeyd edib ki, hadisədə əli olan şəxslər məsuliyyətə cəlb olunmalıdır :
''Hətta, oğlumun oxuduğu Atatürk litseyinin hər pilləkanında da yazılar yazılıb. Həmin cümlələr şəxsən mənə qürur hissi verdi və başqalarına qarşı empati duyğum yüksəldi. Təklif edərdim ki, Azərbaycanda bütün orta məktəblərdə bu cür yazılar təşkil olunsun. Fikrimcə, insanların düşüncə və duyğularına diqqət etmək lazımdır".