Rəşad Mahmudov: “Prezident seçkilərinin regional və qlobal əhəmiyyəti olduqca böyükdür”

“Prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalır. Fevralın 7-də qalib xalqın nümayəndələri seçki məntəqələrinə gedərək öz namizədlərinə səs verəcəklər. Zəfər seçkisi kimi tarixə düşəcək bu möhtəşəm siyasi hadisə həm də ona görə əlamətdar hesab edilir ki, səsvermə prosesi müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Keçmiş məcburi köçkünlər 30 ildən sonra işğaldan azad olunmuş doğma el-obalarında səsvermədə iştirak edəcəklər. Məhz bu baxımdan seçkilərin Azərbaycan xalqı üçün böyük əhəmiyyəti var”.
 Sherg,az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

O qeyd edib ki, Azərbaycanın son illərdə qazandığı uğurlar və işğal altında olan bütün torpaqların azad edilməsi ölkəmiz üçün yeni reallıq yaradıb: 
“Son 4 ildə, xüsusilə böyük qələbədən sonra Azərbaycanın beynəlxalq mövqeyi çox güclənib. Vətəndaşlar tarixi mərhələni yeni, tamamilə fərqli Azərbaycanın başlanğıcı kimi qiymətləndirirlər. 7 fevral seçkilərinin həm də regional və qlobal əhəmiyyəti olduqca böyükdür. Qlobal geosiyasi aktora çevrilmiş Azərbaycan Cənubi Qafqaz regionunun əsas geosiyasi oyunçusu və iqtisadi mərkəzidir. Ölkə Şərq - Qərb kəsişməsində yerləşir və Qafqaz regionunda əsas inkişaf lokomotivi rolunu oynayır. Ölkəmizin gənc müstəqil dövlət kimi beynəlxalq aləmdə tutduğu mövqe və qazandığı nüfuz qlobal və regional səviyyədə həyata keçirdiyi inkişaf strategiya vektoru Şərq-Qərb əlaqələrinə güclü təsir göstərir. Buna görə də, dünyanın diqqəti 7 fevral seçkilərinə yönələcək”, - deyən deputatın sözlərinə görə bu seçkilərin geosiyasi və geoiqtisadi çəkisi də çox böyükdür.

Azərbaycanın böyük tarixi hadisənin astanasında olduğunu deyən Rəşad Mahmudov vurğulayıb ki, seçiləcək lider ölkəmizin sonrakı inkişafı strategiyasının formalaşdırılmasında, eləcə də Azərbaycanın dünya miqyasında mövqelərinin möhkəmləndirilməsində əsas vektoru müəyyənləşdirəcək.

Ölkə ərazisində yüksək seçki aktivliyinin hiss olunduğunu bildirən Rəşad Mahmudov əminliyini bildirib ki, Azərbaycan xalqı seçkilərdə fəallıq nümayiş etdirməklə ən layiqli namizədə səs verəcək.