Daha bir xoş xəbər: Özbəkistanın radio kanallarının birində Azərbaycan musiqiləri

 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlər nəticəsində qardaş ölkənin bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetika, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur. Dərsləri Azərbaycandan gəlmiş təcrübəli müəllim, Azərbaycan dili üzrə mütəxəssis - pedaqoq Mətanət Xudiyeva aparır.
  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Azərbaycan Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi arasında razılığa əsasən, Özbəkistanın sözügedən universitetlərdə Azərbaycan dili fənnini tədris etmək məqsədilə Mərkəzin baş mütəxəssisi, alim Mətanət Xudiyeva cari ilin yanvar ayından Daşkəndə ezam olunub.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə, gələcəkdə Özbəkistan universitetlərində Azərbaycan dili ilə yanaşı, ədəbiyyat, tarixi fənlərinin tədrisi də həyata keçiriləcək.
  Siyasi şərhçi Azər Həsrət isə “Sherg.az"a açıqlamasında deyib ki, bu layihə digər türk dövlətlərində də həyata keçirilməlidir:

“Qardaş Özbəkistan universitetlərində Azərbaycan dilinin tədrisinə görə Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə, şəxsən rəhbəri Samir Abbasova dərin təşəkkür düşür. Fəaliyyətini yaxından izləyən biri kimi deyim ki, S.Abbasov Özbəkistanda çox böyük işlər görür. Qardaş ölkədə Azərbaycanın varlığını ayda-ildə bir yox, hər gün hiss etdirir. Bu, kifayət qədər təqdirəlayiq bir fəaliyyətdir. Özbəkistanın bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılması da məhz Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlərin nəticəsidir. Hətta daha bir xoş xəbər almışıq ki, xüsusi layihə olaraq Özbəkistanın radio kanallarının birində Azərbaycan musiqiləri yayımlanmağa başlayıb. Çağdaş Azərbaycan musiqisinin populyar simaları, xalq artistləri, əməkdar artistlərimiz və yeni parlayan ulduzlarımızın ifaları qardaş Özbəkistanın radiokanallarından eşidiləcək. İki xalq arasındakı inteqrasiya üçün bu faktorlar çox vacib və əhəmiyyətlidir. Çox istərdim ki, bu təşəbbüslər təkcə Özbəkistanda yox, paralel olaraq digər türk dövlətlərində, Qazaxıstan, Türkmənistanda da həyata keçirilsin. Hətta Rusiyanın nəzarətində olan Başqırdıstan, Tatarıstan, Çuvaş eli və Yakutya-Saxada, Dağıstanda səsimiz eşidilsin, dilimiz öyrənilsin. Niyə də qaraçaylar, balkarlar, nuqaylar, kumuklar bizi dinləməsin? Həmçinin də onların dillərini, mədəniyyətlərini öz universitetlərimizdə tədris edib, musiqilərini radioda səsləndirməliyik. Yeri gəlmişkən onu da əlavə edim ki, bu təşəbbüs Özbəkistanda ilk olsa da, orta Asiyada ilk deyil. Buna qədər qardaş Qırğızıstanda dəyərli həmkarımız jurnalist Ramiz Məşədihəsənlinin şəxsi təşəbbüsləri ilə Azərbaycan dili dərsləri keçilib. Radio və televiziyalarında Azərbaycanla bağlı proqramlar yayımlanır. Qardaş xalqlar arasındakı körpünün möhkəmləndirilməsi üçün proses sistem xarakter almalıdır. Bunun üçün də vaxt itirmədən Türk Dövlətləri Təşkilatına üzv olan bütün dövlətlər ortaq türk əlifbasını qəbul etməlidir. Bu qərardan sonra türk dövlətləri arasındakı inteqrasiya daha sistemli və daha sürətli gedəcək”.