Ermənistan Azərbaycanla sərhəd əraziləri boşaldır -AÇIQLAMA

Ehtimallar arasında İrəvanın atəşkəsi pozaraq hərbi əməliyyatlara başlamaq niyyətində olması daha inandırıcıdır


  Ermənistanın Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqələrinin boşaldılması haqda məlumatlar yayılıb.
Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərləri Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan da deyilənləri təsdiqləyib. 
O bildirib ki,  Ermənistanın Azərbaycanla sərhədyanı əraziləri, demək olar ki, boşaldılıb.
  Deputat sərhədyanı kəndlərdə dövlət strukturlarının bir-bir bağlandığını qeyd edib: “Həmin ərazilərdə yaşayan şəxslər mənə dedilər ki, Vardenis (Basarkeçər – red.) və Çəmbərəkdə pasport xidmətləri dayandırılıb, məntəqələri bağlayıblar. Məlumata görə, bununla bağlı İrəvandan göstəriş verilib. Həmin bölgələrdə islahat, genişlənmə adı ilə dövlət strukturlarının mərkəzləri bir-bir bağlanır, ərazi boşaldılır”.
Tovmasyan məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib.
  Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik müşahidə olunur, hətta uzun müddətdir atəşkəs rejiminə riayət edilir. Diqqətçəkən məqam budur ki, sərhədyanı ərazilərdə əhali normal həyatına davam edir. Çıxarılan yalnız dövlət qurumlarıdır.  Ermənistanda baş verən bu proses sosial şəbəkələrdə müharibəyə hazırlıq mərhələsi kimi dəyərləndirilir. 
  
Politoloq Elçin Xalidbəyli isə "Sherg.az"a açıqlamasında deyib ki, Paşinyan hakimiyyətinin Ermənistanın Azərbaycanla sərhədyanı əraziləri boşaltmasına dair yayılan məlumatların hansı səbəbdən qaynaqlandığı yaxın vaxtlarda aydınlaşacaq. Hazırda isə bu proseslə bağlı iki əsas ehtimal üzərində müzakirələr gedir: 

"Ermənistan tərəfində Nikol Paşinyana rəqib olan siyasi qüvvələrin  iddiasına görə, Paşinyan bu kəndləri boşaldıb ərazini Azərbaycana vermək niyyətindədir. İlk mərhələdə məhz dövlət orqanlarının bölgədən çıxarılması da məhz buna hesablanıb. Yəni müvafiq strukturlar olmadığı üçün ərazidə yaşayan  əhalinin xeyli sayda problemləri həll edilməyəcək və nəticədə əhali kəndləri boşaltmaq məcburiyyətində qalacaq. Erməni əhalisi  ərazidə qalmaq üçün dirəniş göstərəcəyi halda isə Paşinyan hökumətinin onları məcburi şəkildə başqa ərazilərə köçürməsi ehtimalı da istisna edilmir. Lakin səsləndirilən bu iddiaların  həqiqətə uyğun olub-olmadığını zaman göstərəcək".  
  
E.Xalidbəylinin fikrincə, hazırkı situasiyada  səsləndirilən digər ehtimal, Ermənistanın atəşkəsi pozaraq hərbi əməliyyatlara başlamaq niyyətində olması daha inandırıcıdır. Politoloq bildirib ki, Fransa və Almaniyanın ortaq qərarı əsasında rəsmi İrəvanın Azərbaycanla müharibəyə sövq  edilməsi ilə bağlı iddiaları özündə əks etdirən bir çox nüanslar var. Xüsusən də, Fransa beynəlxalq səviyyədə Azərbaycana qarşı total siyasi hücumlara başlayıb.  
Müxtəlif beynəlxalq qurumlarda təmsil olunan və  Fransanın təsiri altında fəaliyyət göstərən şəxslərin Azərbaycana qarşı yönləndirməsi istiqamətində ciddi kampaniya  aparılır. Bunun nəticəsi olaraq da Azərbaycana qarşı qərəzli sənədlər və qətnamələr qəbul edilir. Prosesin hələ bir müddət davam edəcəyi də istisna deyil". 
  Politoloqun sözlərinə görə, Fransanın maraqları Cənubi Qafqazda daha gərgin situasiyanın yaranmasını  tələb edir: "Rəsmi Paris istənilən halda Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların olmasında maraqlıdır. Tərəflər arasındakı münasibətlər gərginləşərək silahlı münaqişəyə və ya müharibəyə çevriləcəyi halda  Fransa da  iki ölkə arasındakı döyüşləri bəhanə gətirərək ən azından vasitəçi statusunda Cənubi Qafqaza nüfuz etmək şansı qazanmış olacaq. 
  Son vaxtlar tez-tez səsləndirilən iddialardan biri də odur ki, Ermənistan Fransanın təsiri ilə  Çermux istiqamətində hərbi təxribat törətməyə, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə  hücum etməyə hazırlaşır. Şübhəsiz ki,  Fransanın Ermənistanı silahlandırmasının intensivləşməsi də buna hesablanıb. Fransa ilə ortaq silah istehsal edən Hindistanın da Ermənistana silah göndərməsini gözardı etmək olmaz.  
  Rəsmi Paris Azərbaycana qarşı Almaniyanın da dəstəyindən istifadə edir. Almaniya da ən az Fransa qədər bölgəyə nüfuz etmək, təsir mexanizmləri əldə etmək istəyən ölkələrdən biridir. Makron da Almaniya  hökumətini inandırıb ki, Azərbaycana qarşı ortaq şəkildə mübarizə aparmaq lazımdır. Əleyhimizə yaradılan fransız-alman İttifaqının başlıca məqsədi də Ermənistanı cəsarətləndirib Azərbaycana qarşı hərbi hücuma sövq etməkdir". 
  E.Xalidbəylinin fikrincə, Fransa Cənubi Qafqazdan keçəcək Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə  nəzarət etmək istəyir. Ermənistandan bir alət kimi istifadə etməklə bu bölgədən Rusiyanı vurub çıxartmaq və burada möhkəmlənməyi hədəfləyib: "Söhbət Avropa Birliyinin nəqliyyat-kommunikasiya xətlərinin çəkilişinə  10 milyard dollar maliyyə vəsaiti ayırdığı layihədən gedir. 
Avropa Birliyi və onun aparıcı dövlətləri də çox yaxşı bilirlər ki, Azərbaycan istəmədən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurla çalışması mümkün deyil.
  Orta Asiya və Avropanı birləşdirəcək bu marşrut xəttindən Azərbaycanı kənarlaşdırmaq mümkün deyil. Azərbaycan Cənubi Qafqazın, o cümlədən də  Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin açar ölkəsidir. Bu açar olmadan şərqlə qərbi birləşdirən əsas yolun işləməsi də mümkün deyil. Deməli, bu layihə gerçəkləşəcəyi halda dəhliz Azərbaycan ərazisindən keçməli olacaq. 
  Fransa da Azərbaycan üzərindən keçən kommunikasiyalardan pay almaq üçün Ermənistan vasitəsilə təzyiq göstərib regiondakı mövqelərini möhkəmləndirmək istəyir. Müxtəlif manevrlərlə Azərbaycana  istədiklərini almadıqları təqdirdə Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verməyəcəkləri mesajlarını verirlər".