Putin: Qəzzada girovları azad etməyə çalışırıq

Rusiya prezidenti Vladimir Putin ölkəsindəki yəhudi icmasının liderləri ilə görüşüb. Girovların azad edilməsi üçün HƏMAS-ın siyasi qanadı ilə təmaslarını davam etdirdiklərini bildirən Putin bu prosesdə “müəyyən nəticələr əldə etdiklərini” bildirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin HƏMAS-ın şərtlərini rədd etməsi və yeni hücum əmri verməsi ilə Qəzzada atəşkəs danışıqları əngəllənib. Proseslə bağlı Moskvadan açıqlama gəlib.

Rusiya prezidenti Vladimir Putin dünən axşam Rusiyanın yəhudi icmasının liderləri qarşısında çıxışında deyib ki, Moskva İsrail-Həmas münaqişəsində əsir götürülmüş girovların azad edilməsi üçün “müəyyən nəticələrə” nail olub.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Putin Fələstinin Həmas təşkilatının siyasi qanadı ilə əlaqə saxladığını bildirib.

Həm Rusiya vətəndaşlarına, həm də digər girovlara kömək etməyi hədəflədiklərini ifadə edən Putin bunları deyib: "Onların arasında Holokostdan sağ çıxan yaşlılar və ailə üzvləri də var". 
Rusiya lideri əlavə edib ki, o, girovların azad edilməsi üçün səylərin davam etdirilməsinin vacib olduğuna inanır və onlar bunu hazırda edirlər.

İki ilə yaxındır davam edən Ukrayna müharibəsi başlayandan bəri İsrailin əzəli rəqibi İranla yaxınlaşan Rusiya Fələstin dövlətinə dəstəyini təkrarlayaraq, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatı tənqid edib.

Moskva həmçinin bildirib ki, İsrailin Yaxın Şərqdəki zorakılığı ABŞ-nin regiondakı siyasətinin uğursuzluğunun əksidir.