Üç ölkənin birgə qurduğu regional nəqliyyat logistikası dünyanın nəqliyyat şəbəkəsi ilə üzvü surətdə birləşir
Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək. Bu barədə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili həmkarı Hakan Fidanla görüşündə deyib. XİN başçıları söhbət zamanı uğurlu Azərbaycan-Türkiyə-Gürcüstan formatına toxunublar: "Hər üç ölkənin xarici işlər nazirlərinin bu formatda növbəti görüşü martda keçiriləcək". Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit potensialını da gözdən keçiriblər: "Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafının, həmçinin Orta Dəhlizin önəmi qeyd edilib".
Politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan-Türkiyə və Gürcüstan formatı uğurlu və faydalı əməkdaşlıq platformasıdır. Analitikin sözlərinə görə, regionun əsas logistika layihələri məhz Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərindən keçir:
"Üç ölkənin birgə qurduğu regional nəqliyyat logistikası dünyanın nəqliyyat şəbəkəsi ilə üzvü surətdə birləşir. Azərbaycan-Türkiyə-Gürcüstan mütəmadi hərbi təlimlər keçirirlər. Bu da güclü ordu quruculuğu və bölgənin təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli rol oynayır. Türkiyə Silahlı Qüvvələri NATO-nun ən güclü ordusudur. Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan və Gürcüstan ordularının da NATO standartlarına uyğunlaşması prosesini sürətləndirir. Üç ölkə bütün önəmli sahələrdə ardıcıl təmaslar qururlar".
Q.Hüseynli vurğulayıb ki, üçlü formatda əməkdaşlıq digər qonşu ölkələrə də siqnaldır: "Ermənistan region ölkəsi kimi əməkdaşlıq platformasının dördüncü halqası ola bilərdi. Amma Azərbaycanla sülh müqaviləsinin olmaması bunun qarşısını alır. Sülh sazişi imzalanarsa, Ermənistan da regional əməkdaşlıq platformasına qoşulma şansı əldə edər. İranla bağlı qəti fikir söyləmək çətindir. Lakin Tehranın gələcəkdə bölgə dövlətlərinin ortaq əməkdaşlığında yer alması istisna edilmir. Azərbaycan, Türkiyə və Gürcüstan formatı Cənubi Qafqazın dünyaya inteqrasiyasına mühüm töhfələr vermək iqtidarındadır. Hələlik üçlü formatda davam edən Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının uğurlu perspektivinə şübhə yoxdur".