Bu tandem həm də Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək
Azərbaycan dövlət başçısı İlham Əliyev ənənəsinə sadiq qalaraq prezident seçildikdən sonra ilk səfərini qardaş Türkiyəyə reallaşdırdı. Ankarada Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğan arasında əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirildi. Liderlər arasında mühüm məsələlərin ətraflı müzakirəsi ilə yanaşı, bir sıra önəmli sənədlər imzalandı və tarixi qərarlar alındı. Qeyd edək ki, Prezident İlham Əliyevin seçildikdən sonra ilk xarici səfərini qardaş Türkiyəyə etməsi iki ölkə arasında münasibətlərin səviyyəsinin göstəricisidir və artıq ənənə halını almış mühüm bir prosesdir. Bu cür səfərlər dövlətlər arasındakı münasibətləri tarixin ən yüksək səviyyəsinə çıxarır. Səfər zamanı siyasi, hərbi, iqtisadi, ticarət, mədəniyyət, enerji və s. sahələrdə olan mövzuların diqqətdə saxlanılması münasibətləri daha da inkişaf etdirir. İki ölkənin strateji müttəfiqliyi bir sıra sənədlərlə, xüsusilə də Şuşa Bəyannaməsi ilə möhkəmlənib. İstər regional, istər beynəlxalq məsələlərdə dövlətlərin bir-birinə dəstək verməsi dünyada sülhün, ədalətin qorunması baxımından çox mühümdür. Səfər zamanı Zəngəzur dəhlizi, onun açılması, bu imkandan yararlanaraq iki ölkənin görəcəyi işlər, enerji təhlükəsizliyi, qarşılıqlı ticarətin həcminin artırılması, hərbi əməkdaşlıq məsələlərinin gündəmdə olması qarşıdakı tarixlərdə yeni imkanlar açacaq. Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqazda sabitliyin təmin olunmasında, "Qafqaz Evi"nin qurulmasında və buraya kənar müdaxilələrin qarşısının alınmasında çox mühümdür. Ümumiyyətlə, Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənməkdədir. Bakı və Ankara Şuşa Bəyannaməsində ortaya qoyulan iradə ilə işbirliyini davam etdirir. Müdafiə sənayesi sahəsində birgə istehsalla əlaqədar konkret planlar icra olunmaqdadır. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanda Türkiyə ordu modeli tam oturuşub və 5 ay əvvəl - 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı bunu bir daha təsdiqlədi. Xüsusən, İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırıb. Torpaqların işğaldan azad olması tərəflərin regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaradır, yollar açır. İki ölkə arasında siyasi sahədə əməkdaşlıq davam etdirilir, enerjidaşıyıcılarına dair yeni layihələr reallaşır, yol-nəqliyyat layihələri genişlənir, ticarət dövriyyəsinin həcmi artırılır. Həmçinin aniterror əməliyyatlarında birgə əməkdaşlıq, müdafiə sənayesi sahəsində ortaq fəaliyyət; gənc nəslin yetişdirilməsi istiqamətində yeni layihələrin reallaşması, təhsil sistemində birgə layihələr istiqamətində önəmli addımlar atılır. Prezidentlərin çıxışlarında Şuşa Bəyannaməsinin bir daha vurğulanması tərəflərin bu sənədə sadiqliyinin göstəricisidir. Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır, dinamik struktura malikdir. İqtisadiyyat, ticarət, elm, təhsil, hərbi sahədə əməkdaşlıq, dünyanın müasir informasiya məkanında birgə təmsilçilik və sair istiqamətlər üzrə keçmişə əsaslanmış etibarlı baza var. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək. Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı da iki ölkə arasında əməkdaşlığın yeni hədəfləri müəyyən edildi və perspektivdə olan layihələr açıqlandı.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz "Sherg.az"a deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə qalib gəldikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi dünyaya verilən mühüm mesaj olmaqla bərabər, həm də önəmli bir ənənəni davam etdirmək baxımından çox əhəmiyyətlidir. General vurğulayıb ki, son günlərdə Azərbaycana qarşı göstərilən təzyiqlər, Avropada, AŞPA-da Bakıya basqıların artması qəbuledilməzdir:
"Türkiyə dünyanın istənilən yerində, hər platformada Azərbaycanın haqlı davasını, maraqlarını, mövqeyini, hüquqlarını müdafiə etməyə davam edir və bundan sonra da belə olacaq. Eyniylə Azərbaycan kimi Türkiyə də qardaş ölkənin səsi olmağa davam edəcək. Qardaş Azərbaycan da hər platformada Türkiyənin mövqeyinin müdafiəçisi rolunda çıxış etməkdədir. Bunlar çox təbii hallardır. Çünki biz bir ailəyik. Ailə olmanın da tələbləri, öhdəlikləri var. Gedəcək, üz tutacaq başqa ailəmiz yoxdur. O səbəbdən iki qardaş dövlət arasında hər sahədə əməkdaşlığı daha da irəliyə daşımaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycan və Türkiyə, o cümlədən digər türk respublikaları Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi-iqtisadi və mədəni sahələrdə inteqrasiya prosesini dərinləşdirmək üçün ciddi fəaliyyət sərgiləyirlər. Şuşada iyul ayında TDT-nin zirvə görüşü keçiriləcək. Zirvə görüşündə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təmsilçisi də iştirak edəcək ki, bu da "bir millət, yeddi dövlət" amalına doğru gedən yolda çox mühüm təşəbbüsdür. Şuşa Bəyannaməsi ilə münasibətlərdə üst səviyyəyə yüksəlmiş əlaqələrimizi daha zirvəyə daşımaq üçün fəaliyyətlərimiz sürəcək. Azərbaycan-Türkiyə Universitetinin qurulması ilə bağlı qərar da çox müstəsnadır. Hərbi sahədə, müdafiə sənayesində, iqtisadi və kənd təsərrüfatı sahəsində yeni anlaşmalar da zərurətdir. Hesab edirəm ki, Türkiyə-Azərbaycan tarixi əlaqələri, milli kimliyimiz, dəyərlərimiz gənc nəslə xüsusi aşılanmalı, onların bu istiqamətdə təlim-tərbiyə almasına diqqət yetirilməlidir".
Y.Karaüz vurğulayıb ki, Azərbaycanda ordu quruculuğunun gücləndirilməsi, Türkiyənin ordu modelinə keçidin sürətlənməsi, müdafiə sənayesində ortaq istehsalın yaradılması çox önəmlidir: "Ermənistan ağlını başına almalıdır. Cənab Prezident Ərdoğanın da vurğuladığı kimi, Ermənistan özü üçün yaranmış tarixi fürsəti dəyərləndirməli və Qərbin aldadıcı oyunlarına, təhriklərinə getməməlidir. İrəvan hökuməti kənar güclərin maşası olmamalı, qonşularla əlaqələrin, əməkdaşlığın önəmini, həyati əhəmiyyətini dərk etməlidir. Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün 3 ildən artıqdır İrəvana sülh əlini uzadır. Əfsuslar ki, erməni tərəfi Bakı və Ankaranın barış əlini geri çevirməkdədir. Ermənistan anlamalıdır ki, Azərbaycan və Türkiyə zəruri anda vahid bir dövlət və bir orduya çevrilir. Azərbaycanı qarşısına alanlar qardaş ölkənin tək olmadığını, yanında Türkiyənin dayandığını görəcəklər. Türkiyə-Azərbaycan qardaşlığı sonsuzadək davam edəcək. Bu tandem həm də, Cənubi Qafqaza sülh və əmin-amanlığı gətirəcək".