ATƏT-ə qapını göstərdilər
60-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münhen şəhərində toplaşmış dünya liderləri və siyasi, işgüzar elitanın nümayəndələri arasında ən çox diqqət mərkəzində olan dövlət başçılarından biri məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu. Bunu dövlət başçısının Münhendə müxtəlif dövlət və hökumət başçıları ilə, nazirlərlə, beynəlxalq təşkilatların rəhbərləri ilə, nüfuzlu şirkətlərin, qlobal maliyyə dairələrinin nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlər də təsdiqləyir. Bu görüşlər arasında Prezident İlham Əliyevin fevralın 16-da ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə və fevralın 18-də ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid ilə görüşləri xüsusilə maraq doğurur. Hər iki görüş məhz qarşı tərəfin müraciətinə əsasən baş tutub. Azərbaycan Prezidenti ilə görüşüb müzakirələr aparmaq təşəbbüsü ATƏT-in rəhbərlərindən gəlib. Bu da bir daha onu göstərir ki, İlham Əliyev, həqiqətən də, sözügedən sammitin ən yüksək səviyyədə hörmət və diqqət göstərilən iştirakçıları sırasında yer alıb.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, İan Borq və Helqa-Mariya Şmid ilə görüşləri dövlət başçısının ATƏT-in fəaliyyətdə olan sədrinə və Baş katibinə diplomatiya sahəsində keçdiyi ustad dərsi də hesab etmək olar. Ekspertin sözlərinə görə, dövlət başçısı İlham Əliyev görüşlər zamanı bir çox siyasi liderlərdən və diplomatlardan fərqli olaraq tam açıq mətnlə söhbət etməklə İan Borqa və Helqa-Mariya Şmidə sözün əsl mənasında dərs keçdi, onları fakt qarşısında qoydu:
"Söhbət əsnasında Qarabağ münaqişəsinin artıq həll olunduğunu, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bu kontekstdə ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin tamamilə fəaliyyətsiz olan strukturların və vəzifələrin artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirdi. Prezidentin bu tövsiyəsi, şübhəsiz, təkcə ATƏT-in büdcəsinin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qarşı tərəfin diqqətinə çatdırmaq istəyi ilə bağlı deyildi. Sözügedən ATƏT strukturlarının ləğvinin təklif edilməsi ilk növbədə Azərbaycanın onların fəaliyyətinə heç bir ehtiyac duymaması ilə bağlıdır. Prezident açıq mətnlə bildirdi ki, nə ATƏT-in Minsk qrupunun, nə də hər hansı başqa bir qüvvənin vasitəçilik fəaliyyətinə ehtiyac var. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən və 23 saatlıq lokal antiterror əməliyyatından sonra bölgədə tamamilə yeni reallıqlar yaradıb və yeni dönəmin başlanğıcını qoyub. Yeni dövrdə isə artıq heç bir vasitəçiyə ehtiyac qalmayıb. Bu gerçəyi 7 fevral seçkilərində parlaq qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimi zamanı etdiyi proqram xarakterli çıxışında da birmənalı şəkildə vurğuladı".
Analitik vurğulayıb ki, 30 il ərzində səmərəsiz danışıqlar prosesini uzatmaqla Ermənistanın işğalçı siyasətinin nəticələrini “qanuni”ləşdirməyə çalışan qüvvələrin yeni reallıqlar şəraitində vasitəçilik missiyasına yiyələnməyə çalışması ikrah hissi doğurur: "Bu mənada ATƏT-in uğursuz Minsk qrupunun fəaliyyətini hansısa formada yenidən dirçəltmək cəhdləri də tamamilə yersizdir. Bilirik, bu təşəbbüslərin arxasında dayanan əsas qüvvə Fransadır. Lakin Fransanın ATƏT-in Minsk qrupunu reanimasiya etmək cəhdləri iflasa məhkumdur. Çünki Minsk qrupu öz tarixi missiyasını yerinə yetirmək şansını çoxdan itirib. 1992-ci ildə təsis olunan ATƏT-in Minsk qrupunun əsas funksiyası məhz münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əfsuslar olsun ki, bu, baş vermədi. Biz uzun illər gözlədik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həll yolu tapılacaq və işğala son qoyulacaq. Bəs, bunun əvəzində nə gördük? ATƏT-in Minsk qrupunun həmsədrləri bu illər ərzində Ermənistanın davamlı olaraq atəşkəsi pozduğu, cəbhəboyu ərazilərdə təxribatlar törətdiyi məqamlarda yalnız şablon bəyanatlar verdilər. Regiona turistik səfərlər etməklə öz işini bitmiş hesab etdilər. Bir sözlə, həmsədrlər münaqişənin nizamlanması ilə yox, onun dondurulmuş vəziyyətdə qalması ilə, “status-kvo”nun qorunub saxlanılması siyasətinin yeridilməsi ilə məşğul olurdu. İş o yerə çatmışdı ki, Minsk qrupu artıq “turizm diplomatiyası” ilə məşğul olan institut kimi rüsvayçı imic qazanmışdı. Ona görə də indi Fransanın siyasi meyitə, ölü quruma çevrilmiş Minsk qrupunu fərqli formatda yenidən xortlatmaq cəhdləri tamamilə əbəsdir. Lakin əfsuslar olsun ki, 30 il ərzində münaqişəni dondurmağa çalışan qüvvələr indi də sülh prosesini əngəlləmək üçün dəridən-qabıqdan çıxırlar. Bu, misli görünməmiş riyakarlıqdır".