Politoloq: Sülh sazişinin sərhəddə imzalanması ən doğru variantdır

Bakının İrəvana ikitərəfli formatda danışıqlar aparmaqla bağlı təklifi gündəmdə və qüvvədədir


  Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Fenenko Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarından danışıb. Ekspert rəsmi Bakının ortaya konkret mövqe qoyduğunu, hər platformada vahid mövqe sərgilədiyini vurğulayıb. Fenenko qeyd edib ki, Azərbaycan dövlət başçısı İlham Əliyev Münhendə də Qərbə açıq siqnal verdi: "Prezident İlham Əliyev Ermənistanla birbaşa danışıqlar aparılacağını və heç kimin prosesə müdaxilə etməyəcəyini konkret şəkildə söylədi. Göründüyü kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra İlham Əliyev Qərbin təsirindən fəal şəkildə xilas olur”. Rusiyalı ekspert onu da qeyd edib ki, Münhendə Paşinyanın Qərb tərəfdaşları dövlət başçısı İlham Əliyev prizmasından keçərək aydın təhlükəsizlik zəmanəti verə bilməyəcəklərini nümayiş etdiriblər: “Paşinyanın onlara anti-Rusiya mövqeyi formasında “hədiyyə”lər verməsindən asılı olmayaraq, heç kim Ermənistanı müdafiə etmək öhdəlikləri haqqında müqavilə imzalamağa hazırlaşmır”. Xatırladaq ki, Prezident yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq demişdi ki, Ermənistan bu sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir: “Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır”. Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək istəyənlərə rəsmi Bakının etiraz etmədiyini də vurğulamışdı: “Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”. Münhendə reallaşan görüş Prezidentin irəli sürdüyü “vasitəçi lazım deyil” şərtinə beynəlxalq tədbirlər çərçivəsində əməl edildiyinin göstəricisi idi. Rəsmi Bakı belə görüşləri keçirməklə irəli sürdüyü təşəbbüslərə, təkliflərə, şərtlərə əməl etdiyini bir daha nümayiş etdirir. Münhen görüşü son zamanlar Ermənistanın törətdiyi təxribatlara rəsmi İrəvanın aydınlıq gətirməsi üçün də şərait yaradır. Bundan başqa, ikitərəfli görüşlərin davam etməsi üçün zəmin hazırlayır. Bunlar Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında yeni görüşün keçirilməsinə təkan verə bilər. İstənilən halda rəsmi Bakı sübut edir ki, iki suveren dövlət problemlərini müzakirə yolu ilə həll etməyə qadirdir. Ermənistanın kənardan vasitəçi tutub danışıqlara cəlb etməsi təşəbbüsü isə münasibətlərin normallaşmasına yardım deyil, maneədir. 

  Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, politoloq Felmar Ələkbərli "Sherg.az"a açıqlamasında deyib ki, uzun müddətdir rəsmi Bakı Ermənistanla ikitərəfli danışıqların tərəfdarı olduğunu bildirib və İrəvana təkliflər göndərib. Ekspert qeyd edib ki, rəsmi İrəvan buna hələlik qəti cavab verməyib: 
"Amma rəsmi Bakı Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesində iki görüşdən imtina edib. Azərbaycan tərəfi buna səbəb kimi həmin formatda aparılan danışıqlarda başda Fransa olmaqla bəzi vasitəçi ölkələri Ermənistanı müdafiə etməkdə, birtərəfli mövqe nümayiş etdirməkdə günahlandırıb. Azərbaycan üçün vacib olan məqam danışıqların real nəticə verməsidir. Vasitəçisiz, ikitərəfli ünsiyyətdə bu, daha realdır. Amma obyektivliyini və tərəfsizliyini qorumaq şərti ilə hansısa vasitəçinin iştirakı da problem deyil. Təki sülhə nail olunsun". 

 Politoloq əlavə edib ki, Azərbaycan üçün sülh sazişinin harada imzalanmasının da fərqi yoxdur:
 "Sülh sazişi imzalanmalıdır. Ən yaxşı variantı Azərbaycan təklif etdi. Bildirdi ki, "gəlin sərhəddə imzalayaq, başqa heç kəs lazım deyil". Amma görünən odur ki, Ermənistana kimsə lazımdır. Hazırda sülh danışıqları ilə bağlı üç format var - Moskva, Brüssel və Vaşinqton. Hansı format Azərbaycanın maraqlarına uyğun deyilsə, ondan birmənalı imtina olunur. Rəsmi Bakının İrəvana ikitərəfli formatda danışıqlar aparmaqla bağlı təklifi gündəmdə və qüvvədədir. Əgər hər üç formatda danışıqlar alınmırsa, demək ki, Bakının ikitərəfli formatda danışıqlar aparmaq təklifi alternativsizdir. Düşünürəm ki, Ermənistan rəhbərliyi bu təklifi yenidən nəzərdən keçirməlidir. Rəsmi İrəvan sülhdə maraqlıdırsa, o zaman Bakının ikitərəfli formatda görüş təklifinə müsbət cavab verməlidir".