Uçurum getdikcə dərinləşir: Rusiya ilə Ermənistan arasındakı gərginlik qırılma nöqtəsindədir

“Paşinyan var gücü ilə Rusiya qoşunlarının ərazilərindən çıxarılması üçün çalışır. Bu proses baş tutacağı təqdirdə Güney Qafqaza Rusiyanın birbaşa müdaxilə imkanları sıfıra enəcək”


  Ermənistan Xarici İşlər Nazirliyi 2 ölkə arasında media kommunikasiyaları sahəsində sazişin pozulması hallarının davam etməsi ilə bağlı Rusiyaya nota verib.
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyanın sözlərinə görə, son vaxtlar Rusiya efirlərində Ermənistan rəhbərliyinə qarşı təhqiramiz ifadələr tez-tez eşidilir. Ayrapetyan onu da  bildirib ki, Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında dövlətlərarası sazişin təkmilləşdirilməsinə ehtiyac var.

  Siyasi şərhçi Azər Həsrət isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan–Rusiya münasibətləri arasındakı uçurum getdikcə dərinləşir. Baş verənlər hər nə qədər bu dövlətlərin daxili işi olsa da, bölgədəki proseslərə də təsiri  qaçılmaz olacaq: 
“Ermənistanla Rusiya arasındakı münasibətlərin yumşalması və ya gərginləşməsi onların daxili məsələsidir. Hər ikisi suveren dövlətdir və ikitərəfli münasibətləri müəyyənləşdirərkən bizim maraq və mənafelərimizə zidd olmayan istəyən davranışı sərgiləyə bilərlər. Beynəlxalq təcrübədə də iki ölkə arasında media kommunikasiyalarının tənzimlənməsi ilə bağlı konkret tələblər var. Tərəflər bir-birinin daxili işinə qarışmamalı,  sabitliyin pozulmasına şərait yaradan məlumatlar yayımlamamalıdır. Lakin   müşahidə edirik ki, Ermənistanda anti-Rusiya mövqeyi güclənib. Rusiya isə Ermənistana barmaqarası dövlət kimi baxır. Bu da son nəticədə Ermənistanın Rusiyaya nota verməsi ilə nəticələnir. Proses bu cür davam edəcəyi təqdirdə Rusiya ilə Ermənistan arasındakı gərginlik qırılma nöqtəsinə çatacaq. Xatırlayırsınızsa, bu günlərdə Ermənistanın  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini  dondurması ilə bağlı açıqlaması oldu. Rusiya isə Ermənistanın bu bəyanatına əcaib  reaksiyalar  verdi”. 
 
Ermənistan Rusiyadan qopacağı halda prosesin regiona, xüsusən də Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına təsirinə gəldikdə  isə A.Həsrət deyib ki, proses istənilən halda Azərbaycanın xeyrinə olacaq:
 “Təkcə bizim yox, bütövlükdə güney Qafqazın xeyrinə olacaq. Azərbaycanla Gürcüstan uzun illərdir Rusiya ilə münasibətlərdə lazımi həddə tənzimlənib. Hər iki ölkə ərazisindən  rus qoşunları  birdəfəlik çıxarılıb və münasibtlər sırf ikitərəfli dövlətlərarası müstəvi formatında  davam etdirilir. Rusiya nə Azərbaycan, nə də Gürcüstan ərazisində hakimi-mütləq deyil. Ermənistanda isə Nikol Paşinyan  siyasi hakimiyyətə gələnə qədər  ölkə Rusiyanın forpostu idi. Hətta  dövlət başçılarını belə birmənalı olaraq Rusiya idarə edirdi. Hazırda isə Paşinyan var gücü ilə Rusiya qoşunlarının ərazilərindən çıxarılması üçün çalışır. Bu proses baş tutacağı təqdirdə Güney Qafqaza Rusiyanın birbaşa müdaxilə imkanları sıfıra enəcək”.