Türkiyə üçün ən keçərli variant güclü parlament sisteminə dönüşdür
Türkiyənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək Ramazan bayramı münasibətilə təbrik mesajı verəcəyini və onunla görüşmək istəyini açıqlayıb. Qeyd edib ki, Ərdoğan harada görüş təyin etsə gedəcək. Özəl sərt müxalifət edəcəklərini, lakin hakimiyyətə nəzakət və hörmət məsələsində sayğılı olacaqlarını vurğulayıb: "Millətin təyin etdiyi bir şəxsi görməzdən gəlmək olmaz". Hökumətlə dialoq kanallarının açıq saxlanılacağını deyən Özəl, Ərdoğana birlikdə işləməyi təklif edib. Özəl qeyd edib ki, köhnə xəstəliklərin təkrarlanmasına səbəb olan heç kəsin gözünün yaşına baxmayacaq: "Köhnə xəstəliklər və daxili çəkişmələrlə Türkiyənin gələcəyini heç kimə güzəştə getməyəcəm". Xatırladaq ki, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu da Prezident Rəcəb Tayyib Ərdoğandan görüş istəyib: "Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, nə vaxt istəsəniz, sizinlə İstanbulun gələcəyi ilə bağlı danışmağa hazır olan Əkrəm İmamoğlu var. Deyirlər ki, sən Ərdoğanla görüş istəyirdin? Bəli, istəyirdim, yenə istəyirəm. Əsas odur ki, kreslo sınıq olmasın". İmamoğlu vurğulayıb ki, hökumətə yerli və milli məsələlərdə iş bölgüsü, vətəndaşları narahat edən bütün məsələlərdə əməkdaşlıq, dürüst və ədalətli rəqabəti tövsiyə edir: "Gəlin birlikdə çalışaq".
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a bildirib ki, Türkiyə bizim üçün ən önəmli dövlət olduğu üçün qardaş ölkədə baş verən siyasi-iqtisadi hadisələr daim diqqət mərkəzindədir və bundan sonra da belə olacaq. Ekspertin qənaətincə, son bələdiyyə seçkilərini Azərbaycan ictimaiyyəti, sadə xalq və siyasi arena çox maraqla izlədi:
"Türkiyədə bələdiyyə seçkiləri digər seçkilər qədər önəmlidir və bu cəbhədə qazanılmış uğurlar siyasi partiyaların növbəti parlament və prezident seçkiləri üçün çox əhəmiyətlidir. Rəcəb Tayyib Ərdoğan şəxsiyyətinin ortaya çıxması Türkiyənin həm xarici, həm də daxili siyasətində böyük yeniliklər və dəyişikliklərlə müşayiət olundu. Daxili siyasətdə problemlər olsa da, xarici siyasət, hərbi güc sahəsində inanılmaz dərəcədə yüksəlişə doğru getdi. Artıq Türkiyə dünya miqyasında konkret sözü, iddiası, tələbi və qüdrəti olan dövlətdir. Hazırda türk ordusu dünyada tayı olmayan qüdrətə sahibdir və NATO-dakı müttəfiqlər bunu çox gözəl anlayırlar. Türkiyə müxalifətinin Ərdoğana qarşı sərt davranmasını, onu hətta "diktator" kimi qələmə vermək iddialarını qəbul etmək olmaz. 31 mart bələdiyyə seçkiləri zamanı Türkiyə cəmiyyətində seçki azadlığının təmin olunduğu bir daha sübut olundu. Diktatura rejimlərində isə bunu xəyal belə etmək mümkün deyil. CHP sədri Özgür Özəlin Ərdoğandan randevu istəməsinin tərzini də doğru saymıram. Bu randevu sanki "düşmən tərəflərin" neytral zonada görüş planlaması təsirini bağışlayır. Özəlin “Ərdoğan hansı məkanda istəsə, onunla görüşə hazıram” deməsi siyasi cəhətdən qeyri-etikdir. Ərdoğan Türkiyə tarixində demokratik seçkilərə söykənərək indiyə qədər keçirilən bütün seçkilərdə qələbə qazanmış tək lider olduğunu sübut etmiş siyasətçidir. Bu ad əbədi olaraq türk tarixinə yazılıb".
Həmsöhbətimiz İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun randevu istəyinin daha diqqətçəkən olduğunu düşünür: "Ərdoğan Türkiyənin gələcəyini düşünürsə, məhz Ə.İmamoğlunu qəbul edərək onunla ölkənin gələcək taleyini müzakirə etməlidir. Cənab Ərdoğanın növbəti dəfə prezident seçilməsi üçün hüquqi əsaslar tapılarsa, bu dəfə onun prezident seçilməsini əngəlləyən qüvvə, daha doğrusu, ona qələbə çalan rəqib olmayacaq. Ona görə də Türkiyə üçün ən keçərli variant güclü parlament sisteminə dönüşdür. CHP-nin bələdiyyə seçkilərindəki uğurunu növbəti parlament seçkilərində təkrarlayacağı ehtimalı böyükdür. Ərdoğan bu randevunu qəbul edərsə, Türkiyə üçün böyük gələcək vəd edə bilər".