Nikol Paşinyan yalnız Qərb platformasında danışıqlar aparmaq istəyir
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyanla görüşüb. Tokayev həmçinin Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və parlament sədri Alen Simonyanla da bir araya gəlib. İrəvan və Astana şəhərləri arasında yüksək texnologiyalar, əməkdaşlıq və qardaşlaşma sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Qazaxıstan Prezidenti və Ermənistan Baş naziri tərəfindən bir sıra - turizm, miqrasiya, avtomobil nəqliyyatı, aviasiya, ticarət-iqtisadi sahələrdə sazişlər imzalanıb. Tokayev erməni mediasına müsahibəsində əlaqələri genişləndirmək əzmində olduqlarını, Vedi (Ararat) və Alagöz (Araqatsotn) rayonlarında açılacaq konsulluq şöbələrinin bunun əməli təsdiqi olduğunu bildirib. Tokayev görüşdüyü şəxslərlə İrəvan-Astana arasındakı ikitərəfli əlaqələr, siyasi-iqtisadi və regional məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan sülh prosesindən də danışıb. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır. Hökumət başçısının sözlərinə görə, İrəvanın təklif etdiyi “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bildirib ki, Astana Azərbaycan-Ermənistan danışıqları üçün platforma təklif etməyə hazırdır və sülh müqaviləsi bağlamaq istəyini alqışlayır. Tokayevin fikrincə, Qazaxıstan mümkün qədər çox kömək etməyə hazırdır: "Bizim əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır". Qeyd edək ki, Bakı-İrəvan arasında sülh müqaviləsi imzalanmamış türk respublikalarının Ermənistana səfəri ictimaiyyətdə bəzən birmənalı qarşılanmır. Lakin bir sıra ekspertlər Qazaxıstan və Ermənistanın KTMT üzvü olduğunu əsas gətirərək Astana-İrəvan əlaqələrinə normal yanaşırlar. Hətta türk dövlətlərinin sülh prosesinin sürətlənməsində müəyyən rol oynaya biləcəyini vurğulayırlar.
Baş nazirin müavini - Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu martın 18-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə danışıqlarda ikitərəfli siyasi dialoqun yüksək səviyyəsini qeyd edib və erməni tərəfini Astananın sübut olunmuş tərəfdaşı adlandırıb. Xatırladaq ki, martın 11-12-də Tokayev Azərbaycanda dövlət səfərində olub və səfər zamanı Prezident İlham Əliyevlə iqtisadi, mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə danışıqlar aparıb. Liderlər Şuşa şəhərində də olublar.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Qazaxıstan prezidentinin Ermənistana səfəri ermənilərə elə bir ciddi üstünlük verməyəcək. Ekspertin sözlərinə görə, Tokayevin İrəvan səfəri Azərbaycan üçün əhəmiyyətli məsələlərdə Bakıya yardımçı ola bilər:
"Ermənistanın Qazaxıstanla normal münasibətləri imkan verər ki, Qazaxıstan sülh danışıqlarında Rusiyanı əvəzləsin. Nikol Paşinyan yalnız Qərb platformasında danışıqlar aparmaq istəyir. Azərbaycan isə bunu qəbul etmir. Təəssüf ki, həm Amerika Birləşmiş Ştatları, həm də Avropa Birliyi Ermənistanın mövqeyini müdafiə edirlər. Bu səbəbdən Tokayevin prosesə qoşulması bizim üçün müəyyən müsbət nəticələr doğura bilər. Onun Azərbaycan-Ermənistan danışıqları üçün Astana platformasını təklif etməsi müsbət haldır. Ancaq Paşinyanın bu təklifi qəbul edəcəyinə inanmıram. Baş nazir Gürcüstanın da təklifini qəbul etmədi. Sərhəddə görüşlər təklif olundu, ona da yaxın durmadı. Paşinyan Qərb olmadan danışıqlara getmək istəmir, çünki havadarları oradadır".
Siyasi şərhçi vurğulayıb ki, əslində, Paşinyanın bəhs etdiyi üç prinsip Bakının təklif etdiyi 5 təməl prinsipdən idi: "Sadəcə olaraq Paşinyan onun mahiyyətini dəyişib, əlavələrlə qəbuledilməz hala salıb. Azərbaycan təklif edir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü qəbul etdiklərini bəyan etsinlər, rəsmən imza atsınlar. Ermənistan isə əlavə edib ki, mütləq orada konkret kilometr göstərilməlidir ki, hansı ölkə neçə min kvadrat kilometr əraziyə sahibdir. Halbuki xəritələrlə bağlı razılıq yoxdur və delimitasiya, demarkasiya prosesi başa çatmayıb. O baxımdan ilkin razılıqda konkret rəqəm göstərmək qeyri-ciddi yanaşmadır. Ermənistan bunu başa düşmək istəmir. Digər prinsip delimitasiya ilə əlaqədardır ki, Azərbaycan buna hazırdır. Ancaq Ermənistan 1975-ci ilin xəritəsini gündəmə gətirir və onu şərt qoşur. Qərb liderləri də İrəvana dəstək verirlər, son illərin xəritələrinin əsas götürülməsini tələb edirlər. Azərbaycan bu mövqe ilə razılaşmır və təklif edir ki, bir neçə xəritə götürülsün və konkret bir xəritənin üzərində dayanılmasın".
A.Səmədov hesab edir ki, Ermənistanla Azərbaycan arasındakı bəzi fikir ayrılıqlarının aradan qalxmasında Qazaxıstan Prezidenti Tokayevin müəyyən xidmətləri ola bilər: "Tokayev Paşinyanla bir sıra məqamların daha aydın müzakirəsini apara bilər. Başqa bir problem Zəngəzur dəhlizi ilə bağlıdır. İrəvan o məsələdə də qəbulolunmaz şərtlər irəli sürür, prosesi dalana dirəməyə çalışır. Qazaxıstan Prezidenti Zəngəzur dəhlizi məsələsində də müsbət rol oynaya bilər. Ümumən, Tokayevin Ermənistana səfəri və görüşləri müsbət hadisədir. Çox güman, səfər barədə əvvəlcədən dövlət başçımızla Qazaxıstan rəhbərliyi arasında müəyyən məsləhətləşmələr aparılıb. Yəqin ki, Tokayev Azərbaycanın mövqeyinin düzgün olduğunu Ermənistan rəhbərliyinə başa salmaq üçün əlindən gələni edəcək".