İsrail İranın hücumlarına cavab verəcək?

Azərbaycan Yaxın Şərqdə baş verənlər fonunda hazırlıq içində olmalıdır

İstənilən ssenariyə uyğun adekvat strategiyası olmalıdır

  İsrail Baş naziri Benyamin Netanyahu hərbi kabineti yenidən toplayıb. İranın hücumundan sonra digər ölkələr münaqişənin şiddətlənməməsi üçün İsraili təmkinli olmağa çağırır. Hazırda bütün gözlər Netanyahunun hökumətindədir. İsrailin hərbi kabinetinin əksəriyyəti İranın hücumuna cavab vermək istəyir, lakin bunun miqyası və vaxtı ilə bağlı fikir ayrılığı var. ABŞ Prezidenti Co Bayden də İsrail liderinə Amerikanın İrana qarşı əks hücumda iştirak etməyəcəyi ilə bağlı xəbərdarlıq edib. İranın ötən gecə İsrailə dron və raket zərbələri endirməsi bütün dünyada olduğu kimi bizim ölkəmizdə də diqqətlə izlənilir. Düzdür, biz bu qarşıdurmada tərəf deyilik və prosesə qarışmırıq. Lakin prosesin hansı nəticələrlə bitməsi Azərbaycan üçün önəmli olduğuna görə İran-İsrail qarşıdurmasının növbəti qaynar fazasını diqqətlə izləməyimiz təbiidir. Bunun bir səbəbi İsraillə tərəfdaşlıq münasibətlərimizin mövcudluğu ilə bağlıdırsa, digər səbəbi Güney Azərbaycandakı soydaşlarımızın taleyi üçün narahatlıq keçirməyimizdir. İstənilən halda rəsmi Bakı İran və İsrailə müraciət edərək iki ölkə arasında artan gərginlikdən dərin narahatlığını dilə gətirdi və tərəfləri təmkinli olmağa, Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırdı. Lakin bir məqamı da qeyd etməliyik ki, biz bu əməliyyatın gedişində İranın zəif və həssas tərəflərini daha yaxından görmək imkanını əldə etdik. Əslində, İranın İsrailə qarşı əməliyyatı fiasko ilə başa çatmış sayıla bilər. İranın bir gecəlik uğursuz əməliyyatı bütün dünyada istehza hədəfinə çevrildi. Molla rejimi bu əməliyyatla İranın sarsılmış imicini düzəldə biləcəyinə ümid bəsləyirdi, lakin son nəticədə İran daha da acınacaqlı vəziyyətə düşdü. Hər kəs əyani surətdə gördü ki, İran İsraillə və onun müttəfiqləri ilə savaşmaq gücündə deyil.
  Türkiyənin Ankara Universitetinin professoru Torğul İsmayıl "Sherg.az"a açıqlamasında deyib ki, İranın hücumu daxili ictimaiyyətə və Tehranın dəstəklədiyi proksi qüvvələrə mesaj xarakteri daşıyırdı. Professorun sözlərinə görə, həftə sonu reallaşan hücumu heç də "İsraili məhv etmək, onlara zərbə vurmaq" kimi dəyərləndirmək mümkün deyil: 

"Bu qədər ciddi silahlarla genişmiqyaslı hücumun nəticə verməməsi də müəyyən suallar yaradır. Amma bizi maraqlandıran İsrail-İran qarşıdurmasının genişlənməsi və müharibəyə çevrilməsi halında region üçün hansı fəsadlara gətirib çıxaracağıdır. Əslində, İranın hücumları İsrailin Baş naziri B.Netanyahuya əlavə fürsətlər verdi. 6 aydan çoxdur Netanyahu hökumətinin Qəzzada törətdiyi fəlakət yenidən Qərb dövlətləri tərəfindən dəstək qazandı. İsrail hökuməti də "bizi yox etmək istəyirlər" bəhanəsi ilə mövqelərini gücləndirdi. Həmçinin bölgədə güc balansı açıq şəkildə ortaya çıxdı. ABŞ, Böyük Britaniya və İsrail ortaqlığı fonunda hansı ölkənin münaqişə zamanı öz hava sərhədini açacağı, yaxud bağlayacağı, kimin kimi dəstəkləyəcəyi bəlli oldu. Təbii ki, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin mövqeyi, məsələlərə baxışı da önəmlidir. Türkiyə İran-İsrail qarşıdurmasında çox diqqətli davrandı. Rusiya və Çin tərəfləri təmkinli olmağa çağırdı".
  T.İsmayılın fikrincə, İran hərbi əməliyyatları saxladığını açıqlasa da, bu, bölgədə gərginliyin bitməsi anlamına gəlmir: "İsrail mütləq şəkildə başqa formada da olsa İranın hücumlarına cavab verəcək. Tehran və Təl-Əviv arasında qarşıdurma müxtəlif formalarda davam edəcək. Azərbaycanı gözləyən təhlükə nədir? Şübhə yox ki, cənub qonşumuz digər bir ölkə ilə müharibəyə başlayarsa, bu, bizə təsirsiz ötüşməyəcək. Müharibənin genişlənmə təhlükəsi, iqtisadi böhran və digər problemlər yarana bilər. Azərbaycan Yaxın Şərqdə baş verənlər fonunda hazırlıq içində olmalı, istənilən ssenariyə uyğun adekvat strategiyası olmalıdır. Azərbaycan islam dünyasının bir parçası olsa da, Yaxın Şərqdəki proseslərə aktiv şəkildə qoşulmur və öz mövqelərini, maraqlarını müdafiə edir, tərəfsizliyini qoruyur. Eyni zamanda Qərbə inteqrasiya yolunu tuturuq, Avropa ilə enerji və bir çox sahələrdə əməkdaşlığı genişləndiririk. İsraillə yaxın münasibətlərimiz də hamıya bəllidir. Amma elan edilməmiş müharibədə birbaşa tərəf tutmuruq".