Natiq Cəfərli: Yaxın günlərdə parlament buraxılmalıdır

Avqustda, ən geci isə sentyabrın ilk həftəsində parlament seçkiləri keçiriləcək


  Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi çoxdan gündəmdədir. Konstitusiyanın tələbi olunan müddət yaxınlaşdıqca bu mövzuda irəli sürülən fikirlər məsələni daha da aktuallaşdırır.  
Səbəb isə  2024-cü ilin noyabr ayında Azərbaycanın dünyamiqyaslı və geniştərkibli tədbir olan COP29-a ev sahibliyi edəcəyi ilıə bağlıdır. Bu iki böyük və mühüm tədbirin eyni zamanda keçirilməsi real görünmədiyi üçün parlament seçkilərinin daha tez keçiriləcəyi  gözləniləndir. 
  
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli də “Sherg.az”a açıqlamasında deyib ki, noyabr ayına qədər seçkilər keçiriləcək: 

“Azərbaycanda növbəti parlament seçkiləri noyabrın ilk həftəsində keçirilməlidir. Konstitusiyanın 84-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. 84-cü maddənin 2-ci bəndində əlavə edilir, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, Konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü, yəni 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.
  Noyabrda isə ölkəmizdə çox vacib beynəlxalq əhəmiyyəti böyük bir tədbir, COP29 keçiriləcək. Hansı ki, bu tədbir üçün Bakıya 80-10 min qonaq gələcək. 100 ölkənin dövlət başçılarının iştirakı gözlənilir. Bu səbəbdən parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi istisna deyil. Vaxtından  gec keçirilməsi mümkün deyil, bunun üçün Konstitusiya dəyişməlidir. Bu baxımdan avqustun, ən geci isə sentyabrın ilk həftəsindən parlament seçkilərinin keçiriləcəyini düşünürəm.  Onu da deyim ki, seçki əgər noyabrın ilk həftəsində olmayacaqsa, parlament növbədənkənar keçirilməlidir. Sentyabrda, oktyabrda olsa belə, prosedura görə parlament buraxılmalıdır və yenidən  seçki keçirilməlidir”.