Analitik: İrandan eyni ədaləti gözləyirik

Azərbaycan öz dürüst və haqlı siyasəti ilə irəliləyir, mövqeyində qalır

“İndi özünü guya Azərbaycana tərəfmiş kimi göstərərək əldə edilən nailiyyətləri arzu edən tərəf görüntüsü yaratmaq istəyir” 


İran həmişə elan edib ki, xarici qüvvələrin Cənubi Qafqaza gəlişi, xarici hərbçilərin bölgədə iştirakı təhlükəsizlik və stabilliyə kömək etmir və bölgə xalqlarının mənafeyini təmin etmir. Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani dünən Tehranda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizlik İranın önəmli əhəmiyyət kəsb edən prioritetlərindən biridir. Cənubi Qafqazda təhlükəsizlik bütün regionda təhlükəsizliyə təsir göstərir. Bu bölgədə hər hansı təhlükə və destabillik bütün regionda təhlükəsizliyə mənfi təsir göstərir. İran XİN rəsmisi bildirib ki, Cənubi Qafqazda hərbi situasiyanı artırmaq istiqamətində istənilən strategiya bölgədə təhlükəsizlik şəraitini mürəkkəbləşdirəcək və bölgədə sülhü yaratmaq cəhdlərinə zərbə vuracaq. İran isə belə bir strategiyanı qəbul etmir. Kənani əlavə edib ki, İranın strategiyası bölgədə sülh, stabillik və təhlükəsizliyi inkişaf etdirmək məqsədilə iki tərəf (Azərbaycan və Ermənistan) arasında ixtilafların həll edilməsi istiqamətində danışıqlar və mövcud və müəyyən mexanizmlərdən istifadə etməklə çoxtərəfli dialoqun aparılmasıdır. 

  İranın mövqeyini şərh edən siyasi şərhçi Tural İrfan isə “Sherg.az”a açıqlamasında deyib ki, onlar regiondakı proseslərin hamısında yaxından iştirak etmək istəyirlər: 
“İstəyirlər müəyyən problemlər onların iştirakı ilə həll edilsin, yaxud yaradılsın. Ancaq bunda nə dərəcədə səmimidirlər, nə istəyirlər, bəzən bu da təzad təşkil edir. 30 ildir Ermənistanı hərtərəfli dəstəkləyən, silah verən, siyasi, hərbi, iqtisadi dayaq olan İran bu gün hər nə desə qeyri-səmimidir, etibarsızdır. Şübhəsiz ki, Azərbaycan Ermənistan ilə ikili danışıqları aparır və nailiyyətlər də var. İranın, yaxud da başqasının burada "Dədə Qorqud”luq etməsinə ehtiyac yoxdur. İkiüzlü, riyakar, etibarsız siyasət yürüdən fars-molla rejimi heç zaman Azərbaycanın güclənməsini, qələbəsini həzm edə bilmir. İndi özünü guya Azərbaycana tərəfmiş kimi göstərərək əldə edilən nailiyyətləri arzu edən tərəf görüntüsü yaratmaq istəyir özü haqda. Əsla səmimi deyillər. Səmimi olan Qafanda konsulluq açmazdı. İslam dinini əldə bayraq edib, dini özlərinə qalxan tutub müsəlman ölkələrinə qarşı həmişə kinli, onların inkişafına qarşı olublar. Cənubi-Qafqazda ona görə başqalarının müdaxiləsini istəmir ki, istəyir özü qarışdırsın Qafqazı. Özünə münbit şərait arzu edir. Necə ki, Yaxın Şərqdə hələ digərlərinin olduğu halda belə savaş alovunu şiddətləndirməklə məşğuldur. Əvvəlki problemlərdən başqa İran Orta Şərqə əlavə problemlər, məzhəb düşmənçiliyi, öz üsulunda teokratik rejimin ideoloji-siyasi xəttini ixrac edərək dərin izlər qoyan, əsrlərlə həlli mümkün olmayacaq ciddi münaqişələrin təməlini qoyur. O münaqişələr ki, orta əsrlərdə olmuş, müasir dövrümüzdə səngimişdi. İran yenidən orta əsrlərdəki dini, milli, siyasi problemləri təzələyir. İndi istəyi budur ki, həmin təcrübə ilə Qafqazda da eyni alovu yandırsın. Gürcüstanda artıq ideoloji cəhətdən soydaşlarımızı tamamilə əsir edib. Azərbaycanda da uzun illərdir din pərdəsi altında siyasi-ideoloji təbliğatını aparıb müəyyən şəbəkələr, tərəfdarlar toplamışdı. İran bunları özünə baza üçün edirdi ki, Qafqazı öncə ideoloji cəhətdən zəbt etsin, necə ki, indiki İraqı, Suriyanı, Livanı, Yəməni zəbt edib. İrana inanmaq ilana inanmaq qədər təhlükəlidir müsəlman, türk dövlətləri üçün. Dövlət siyasəti tamamilə təqiyyə (əsl məqsədi gizləyib tam başqa ideologiya açıqlamaq) əsasında aparılır orada. Azərbaycanın Türkiyə və türk dövlətləri ilə əlaqələrini bağlamaq üçün Zəngilan tərəflərin işğalda qalması İran üçün daha vacib idi. Ona görə 43 günlük savaşda əsgərlərimizin qarşısını kəsərək təxribata cəhd etmişdilər. İndi də Zəngəzur dəhlizinə qarşı çıxmaqla ermənidən daha çox ermənilik edirlər və əsas məqsədləri də mümkün olduğu qədər Azərbaycan ilə Türkiyənin arasında maneə yaratmaq, quru yolunun tam bərpasına imkan verməməkdir. Adını islam dövləti qoyan bir rejimin müsəlman dövlətinə qarşı bu siyasəti, şübhəsiz ki, əsas verir deyək ki, onlar islam düşmənçiliyi aparırlar. Əsl müsəlman digər müsəlmanın öz işğal edilmiş torpağını yenidən fəth etməsinə sevinməlidir, dəstək olmalıdır, nəinki mane olmalıdır. Ona görə İranın səmimiyyəti etibarsızdır və Ermənistanla olan danışıqlarda Ermənistana təsir göstərib Fransa ilə birgə revanşa təhrik etmələrinin qarşısını almaq üçün hər zaman ehtiyat tədbirləri görülməlidir”.
  
T.İrfanın sözlərinə görə, xarici qüvvələrin Cənubi Qafqaza gəlişi, gedişi və bu kimi daxili məsələlərə İranın qarışmağa haqqı yoxdur:
  “Rusiya sülhməramlı qüvvələrinin çıxması Azərbaycan ilə Rusiyanın, Türkiyənin birgə yeni inkişaf proqramının tərkibidir. İrana qarşı Azərbaycan dövləti həmişə səmimi, şəffaf olub. Hər zaman dostluq, qardaşlıq əlaməti olaraq ilk əlini uzadıb. Lakin İran bundan sui-istifadə edərək həmişə içəridən, arxadan Azərbaycana badalaq vurub. Yenə də Azərbaycan öz dürüst və haqlı siyasəti ilə irəliləyir, mövqeyində qalır. Əgər İran da bu cür qonşuluq haqlarına, yaxın mədəniyyətə sahib olduğumuzu nəzərə alaraq Azərbaycan daxilində din adı altında təxribat, terror əməllərindən əl çəksə, münasibətləri yüksək səviyyəyə qaldırmaq olar”.