Liderlər arasında ikitərəfli münasibətlər, regionda gedən proseslər, beynəlxalq arenada cərəyan edən hadisələr geniş təhlil olunub
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər etdi. Hər zaman olduğu kimi Moskvada dövlət başçısı İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş nəinki Qafqazda, ümumilikdə Qərbdə və region ətrafında diqqətlə izlənildi. Şübhəsiz, Moskva görüşünün rus sülhməramlılarının vaxtından əvvəl dinc şəkildə bölgəni tərk etməsi fonunda baş tutması, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hazırda qarşılıqlı anlayış şəraitində olmasının bariz nümunəsidir. Bakı və Moskva son addımları ilə siyasətdə vəd və sözünə sadiqliyin nə olduğunu göstərmiş oldular. Ümumilikdə, qeyd edilməlidir ki, Azərbaycan lideri MDB məkanında ən çətin bölgədə yerləşməyimizə baxmayaraq, Rusiya ilə münasibətlərdə müstəqilliyini qoruyan, dövlət və milli maraqları tam olaraq həyata keçirməyi bacaran yeganə lider olmağı bacardı. Yaranmış mövcud reallıqlar bizə qonşu olan dövlətlərin Azərbaycana yanaşmasında yeni baxış bucaqları və davranışlar sistemini tələb edirdi. Moskvanın Bakıya yanaşmasında bunu son zamanlar xüsusilə görməkdəyik. 4 kəndin qaytarılması, delimitasiya-demarkasiya, Zəngəzur dəhlizi, sülh müqaviləsi kimi Azərbaycan və Ermənistan arasındakı mövzular, sözsüz ki, Moskvanın diqqət mərkəzindədir. Qeyd edək ki, 2017-ci illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Bundan başqa, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evləri, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması və s. buna misaldır. Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Prezidentin köməkçisi Hikmət Hacıyev də deyib ki, Azərbaycan tərəfi bu səfərin nəticələrini çox müsbət qiymətləndirir. Onun sözlərinə görə, səfər Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhunda keçib: "Səfər çərçivəsində dövlət başçıları ikitərəfli gündəliyə aid olan məsələləri geniş müzakirə etdilər. Bura Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar və digər məsələlər aiddir. Ticarət dövriyyəsinin artması müsbət məqam kimi xüsusi vurğulandı. Demək olar ki, Azərbaycan-Rusiya əlaqələrinin hər bir istiqaməti üzrə müsbət dinamika olduğu məmnuniyyətlə qeyd edilib. Görüş zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi müzakirə edildi və bu layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Rusiyanı birləşdirən dəmiryolu xətti var, ancaq gözlənilən 15 milyon ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişləndirilməlidir. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar da müzakirə edildi. Prezident İlham Əliyev Rusiyanın bu sahədə rolunun və səylərinin yüksək qiymətləndirildiyini bildirdi".
Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir daha nümayiş etdirdi ki, iki ölkə arasında münasibətlər mehriban qonşuluq-dostluq, müttəfiqlik qarşılıqlı fəaliyyət prinsiplərinə uyğun olaraq inkişaf etməkdədir. Deputatın sözlərinə görə, Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanla Rusiya arasındakı münasibətlər iki il öncə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin prinsipləri üzrə inkişaf edir:
"Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərin xarakteri ümumilikdə Cənubi Qafqaz regionundakı vəziyyətə çox müsbət təsir göstərir. Bu amil də regionda nəzərə alınır".
Politoloq İlqar Vəlizadə də "Sherg.az"a deyib ki, Azərbaycan və Rusiya rəhbərliyi bir çox məsələni həll ediblər:
"Liderlər arasında ikitərəfli münasibətlər, regionda gedən proseslər, beynəlxalq arenada cərəyan edən hadisələr geniş təhlil olunub. Məsələ ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması ilə yeni geosiyasi və hərbi-siyasi vəziyyət yaranıb. Hərbi-siyasi vəziyyət ona dəlalət edir ki, yeni təhlükəsizlik sistemi yaranmalıdır. Tərəflər bununla bağlı fikirlərini ortalığa qoyurlar. Azərbaycan Prezidenti bildirib ki, Rusiya-Azərbaycan münasibətləri yeni təhlükəsizlik sisteminin təməl daşıdır. Ona görə də düşünmək olar ki, danışıqlar əsasında əldə olunmuş razılıqlar regionun siyasi mənzərəsinə əsaslı surətdə təsir göstərəcək".